Prezidentin mesajı: Zərif buna görə gəlir

 

Prezident İlham Əliyev Xudafərin körpüsündə olarkən qeyd etmişdi ki, bu, əməkdaşlıq və dostluq sərhədi olacaq. Onun bu fikri mahiyyət etibarilə ciddi bir mesaj idi. İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin 24 yanvarda Azərbaycana səfərindən də görünür ki, cənab Prezidentin bu mesajı ünvanına çatıb və iki ölkə həqiqətən də əməkdaşlığa, dostluğa sadiqdir.

Bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin 24 yanvarda Azərbaycana səfəri haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, Zərifin Azərbaycana səfəri mühüm əhəmiyyət daşıyır:

“Bildiyiniz kimi, müharibədən sonra regionda bir çox sferada yeni vəziyyət yaranıb. Bunlardan biri də mövcud İran-Azərbaycan dövlət sərhədi ilə bağlıdır. Belə ki, müharibədən sonra iki ölkə arasındakı dövlət sərhədi tam bərpa edilib və qısa zamanda müvafiq tədbirlər görülüb. Rəsmi Tehranın da gündəliyində olan məsələlərdən biri məhz budur. Mahiyyət etibarilə bu, təbii bir maraqdır.

İran 44 günlük müharibə zamanı Azərbaycan əleyhinə heç bir əks-mövqe sərgiləmədi. Təsadüfi deyil ki, Azərbaycan da İranın bu mövqeyini müsbət qarşılayır və məmnundur.

Nəticə etibarilə regionda Azərbaycanın yaratdığı yeni reallıqlar var. Buna görə də İranla Azərbaycan arasında müzakirəyə ehtiyac duyulan yeni mövzular çoxdur. İranlı nazir səfər çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Baş nazirin müavini Şahin Mustafayevlə görüşəcək. Zərifin Baş nazirin müavini Şahin Mustafayevlə görüşü heç də təsadüfi deyil. Çünki Baş nazirin müavini Mehri dəhlizinə aid həyata keçiriləcək işlərdə üçtərəfli komissiyanın üzvlərindən biridir. Göründüyü kimi, İran Mehri dəhlizi ilə bağlı maraqlıdır və prosesi yaxından izləyir. Tehran regionda yaradılacaq dəmiryol şəbəkəsinin bir parçası olmaq istəyir. İstənilən halda bu gün buna şərait var və reallaşması da mümkündür. Bu mənada, düşünürəm, hər iki ölkə üçün də Zərifin bu səfəri çox məhsuldar keçəcək”./axar.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password