“Paşinyan da Şuşada şərab içəndə nələrsə deyirdi”
“Ermənistanın xarici işlər naziri artıq nağıl formasında istənilən bir şeylər uydura bilər. Ancaq reallıq artıq dəyişib”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Şuşanı ermənilərin mədəniyyət mərkəzi hesab etməsiylə bağlı bəyanatına münasibət bildirərkən deyib.
O qeyd edib ki, onlar reallığı anlamaq imkanına və iradəsinə sahib deyillər:
“Ona görə də bu məsələ böyük bir erməni xəstəliyinin davamıdır. Şuşa Azərbaycan mədəniyyətinin mərkəzidir. Hər hansı şəkildə bura iddia ortaya qoymaq çox gülünc səslənir. Ümumiyyətlə, Qarabağa iddia irəli sürmək artıq çox gülünc səslənir. Ermənilər bu məğlubiyyətdən sonra hələ də ağıllanmayıblarsa, demək böyük bir proseslər hələ də irəli olacaq. Onları biz yeni formada ağıllandırmalıyıq. Paşinyan da Şuşada şərab içəndə nələrsə deyirdi. Şərab havasında istənilən sözü demək olar. Amma bunun reallıqla əlaqəsi yoxdur. Paşinyanın xanımı da tez-tez muğamdan danışırdı. Muğam festivalının vaxtilə işğal edilmiş digər rayonlarda da keçirməyi planlaşdırırdı. Amma vəziyyət elə oldu ki, onların bu gün Qarabağa gedib gəlməyə hər hansı hüquqi əsasları qalmadı. Ona görə də işğalçı kimi sonuna qədər bu torpaqlardan qovulub çıxarılacaqlar. Bu cür sərsəm açıqlamalara şərh verməyin də artıq mənası yoxdur. Azərbaycan əsgəri onlara artıq şərh verib və möhürünü də vurub. Ona görə də bunlar erməni ictimaiyyətinə təsəlli üçün deyilən sözlərdir. Təsəlli üçün də nə istəyirlərsə, danışa bilərlər. Buna mane olmağa dəyməz”.
Qeyd edək ki, Ali Baş Komandan, Prezident İlham Əliyev də Şuşa şəhərinə səfərdə ermənilərin törətmiş olduğu vandalizmə sərt reaksiya vermişdi:
“Ermənilərin “ürəyində nə qədər düşmənçilik hissi olmalı idi ki, bax, bu vəhşiliyi törətsinlər. Erməni vandalları bizim bütün şəhərlərimizi yerlə-yeksan etdilər. İndi azad edilmiş torpaqlarda olarkən bunu öz gözümlə görürəm və bütün dünya görməlidir. Ermənistan saxtakarlıq edərək bütün dünyaya Şuşa haqqında uydurmalar çatdırırdı ki, guya Şuşa onların qədim şəhəridir. Pənahəli xanın saldığı şəhər necə erməni şəhəri ola bilər?! Axı, bu, yaxın tarixin işidir, hadisələridir. Əgər onlar bu şəhəri öz şəhəri hesab edirdilərsə, nə üçün belə bərbad vəziyyətə qoydular, nə üçün bütün binaları dağıtdılar? Görün, nə gündədir bu şəhər?! Daş üstə daş qalmayıb 30 il ərzində, ancaq özləri üçün villalar tikdiriblər, özləri üçün şərait yaradıblar”./qafqazinfo/