İlham Əliyev: Bu Memorandumu imzalamağımız əlamətdar hadisədir, onun müsbət nəticələri olacaq
Bu Memorandumu imzalamağımız əlamətdar hadisədir, onun müsbət nəticələri olacaq.
Bunu Prezident İlham Əliyev yanvarın 21-də “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla keçirilən videokonfrans formatında görüşdə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
“Türkmənistanın nəqliyyat-logistika potensialının möhkəmlənməsi işində Sizin şəxsi xidmətlərinizi xüsusi qeyd etmək istərdim. Ona görə ki, tranzitlə bağlı məsələlərdə qonşu ölkələrlə qarşılıqlı fəaliyyət olmasa, nəticə əldə etmək mümkün deyil. Bu gün bizim nəqliyyat-logistika infrastrukturunun yüksək səviyyəsini qeyd etməyimiz Türkmənistanın və Azərbaycanın bu sahədə məqsədyönlü fəaliyyətinə dəlalət edir. Bu, bizim regionda və hətta bu regiondan uzaqda – Avrasiya məkanında yerləşən bütün ölkələr üçün çox böyük imkanlar yaradır. Ona görə ki, nəqliyyat sferası da enerji sferası kimi, ölkələri birləşdirir. Bir daha demək istəyirəm, bu gün bizim bu Memorandumu imzalamağımız əlamətdar hadisədir, onun müsbət nəticələri olacaq.
Sizin dediyiniz regional əməkdaşlıq məsələsinə də toxunmaq istərdim. Azərbaycan, Türkmənistan və Türkiyə arasında, həmçinin Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq formatı artıq mövcuddur. Bu əməkdaşlıq konkret nəticəyə, biznes fəaliyyəti, iri infrastruktur layihələrinin reallaşdırılması üçün daha əlverişli şərait yaradılmasına yönəlib”.