“Navalnı Putini devirə bilər” – Rusiyada siyasi durum gərginləşib
Rusiyanın ictimai xadimi, siyasətçi, hüquqşünas Aleksey Navalnı vətənə qayıdan kimi saxlanıb. İndi o, 30 sutka azadlıqdan məhrum edilib.
Amma Navalnının Rusiya prezidenti Vladimir Putin barədə hazırladığı və yanvarın 19-da yayılan videosu müxalifətçinin dövlət başçısından çəkinmədiyini göstərir.
Daha çox Almaniyadakı fəaliyyəti ilə tanınan rus jurnalist Janna Nemtsova Navalnı-Putin qarşıdurması haqda yazı hazırlayıb. O, müxalifətçinin Moskvaya qayıdan kimi həbs olunacağını yaxşı bildiyini yazıb. Nemtsova Navalnını bir nömrəli siyasi məhbus adlandırıb.
“Navalnıya qarşı qaldırılmış işin qanunla heç bir əlaqəsi yoxdur. Bizim müşahidə etdiyimiz ən böyük dəyişiklik odur ki, Kreml daha qanunlara əməl olunması görüntüsü yaratmır. Putin Qərb sanksiyalarından da qorxmur. Onun üçün masada daha böyük məsələ var. Putin bilir ki, Navalnı onun rejimini devirə bilər”.
“Bild”in materialında deyilir ki, zəhərlə qəsdə məruz qalandan sonra Navalnının auditoriyası xeyli genişlənib. Burada dövlət təbliğatının da rolu az olmayıb. Çünki Kreml onu az qala həmişə vətən xaini kimi təqdim edir. Guya Navalnı Almaniyaya daha yaxşı həyat üçün qaçıb. Halbuki Rusiyada hamıya məlumdur ki, müxalifətçinin son anda həyatını xilas etmək üçün Avropa ölkəsinə aparmışdılar.
“İndi daha nə danışmaqlarının mənası yoxdur. Navalnının adı Rusiyada hər kəsə məlumdur. İndi ən əsası milyonlarla insanı birləşdirəcək gündəmi yaratmaq lazımdır”.
Nemtsova yazır ki, siyasətlə ciddi maraqlanmayan dostlarla söhbətlərindən gəldiyi qənaət hələ inqilab ovqatının formalaşmamasından xəbər verir: “Amma ruslar Putindən və onun hakimiyyətindən bezib. Ən böyük sual odur ki, Navalnının “Rusiyanın gözəl gələcəyi” adlandırdığı istiqamətə getməyə insanları kim inandıracaq”.
Aleksey Navalnı 1976-cı ildə Moskva vilayətində doğulub. O, Rusiyada daha çox korrupsiya araşdırmaları ilə tanınır. Müxalifətçi Boris Nemtsov “mıhv ediləndən” sonra Putinin ən əsas və yeganə ciddi rəqibi hesab olunur. 2013-cü il Moskva meri seçkilərində işrirak edib, ikinci olub.
Navalnı 2020-ci il avqustun 20də qəsdə məruz qalandan sonra komaya düşüb.Bundan iki gün sonra Berlinə aparılıb. Bir ay “Şarite”hospitalında müalicə alıb.Bu il yanvarın 17-də Moskvaya qayıdan kimi saxlanılıb./bizimyol.info/