“Azərlotereya” ASC niyə Türkiyə şirkətinə idarəetməyə verildi?

 

Məlum olduğu kimi,yanvarın 16-da Prezident İlham Əliyev “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” sərəncam imzaladı.Sərəncama əsasən, “Azərlotereya” ASC  Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib və İqtisadiyyat Nazirliyinə müqavilə təsdiq edildikdən sonra “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkəti ilə təhvil-təslim işlərinin 5 ay müddətində həyata keçirilməsini təmin etmək həvalə olunub.

Xatırladaq ki, “Azərlotereya” ASC 2001-ci ilin noyabr ayının 23-də dövlət başçısının fərmanı əsasında Azərbaycanda lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqlarının və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxil olmaların artırılmasına və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndirmək məqsədi ilə yaradılıb. “Azərlotereya”ASC-nin təsisçisi rolunda İqtisadiyyat Nazirliyi çıxış edir və İdarə Heyətinin sədri vəzifəsini 2008-ci ildən Bakı şəhər Vergilər Departamentinin rəis müavini vəzifəsində çalışmış Maqsud Tağıyev daşıyır.

Elektron media resursları üzərinən apardığımız araşdırmalar zamanı ilk gözə dəyən məlumat 2018-2020-ci illərdə İqtisadiyyat Nazirliyinə məxsus “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Maqsud Tağıyevə ildə 37 900 manat, yəni ayda təxminən 3 150 manat əmək haqqı ödənilməsi oldu. Nəzərə alsaq ki,Maqsud Tağıyev ASC-yə 12 ildir ki, rəhbərlik edir,onda onun təkcə vəzifəsindən əməkhaqqı kimi əldə etdiyi gəlirin bu günə qədər 454 800 manat təşkil etdiyi məlum olur.

Həmin məlumatlardan “Azərlotereya”nın İH-nin sədr müavini Elçin İbrahimovun 32 100 manat, yəni ayda 2 675 manat (sədrə ödənilən maaşın 85%-i qədər), İH-nin üzvü və maliyyə şöbəsinin rəisi Hidayət Yarıyevin isə 26 700 manat, yəni ayda 2 225 manat (sədrə ödənilən maaşın 70%-i qədər) əmək haqqı aldığı bəlli olur. Göründüyü kimi “Azərlotereya” ASC təkcə bu üç nəfərə bir il ərzində 96 700 manat əmək haqqı ödəyib.

Amma bu qədər samballı maaşla bərabər “Azərlotereya”ASC-də İdarə Heyətinin üzvlərinin əlavə gəlirləri də olmamış deyil. Bunlar hansılardır? Onların  əsas qazanc yerlərindən biri lotereya biletlərinin satışıdır.Uduşlardan tutulan faizlər də “Azərlotereya”ASC rəsmilərinin gəlirlərinə daxildir.Maraqlıdır “Azərlotereya”Açıq Səhmdar Cəmiyyətinin rəsmiləri dövlət satınalmaları yolu ilə nə qədər qazanc əldə ediblər?

Qeyd edək ki,açıq internet resursları üzərindən apardığımız araşdırmalarda “Azərlotereya” ASC-nin təkcə 2016-cı ildə lotereya biletlərinin satışının təşkili işlərinin satın alınması üzrə tenderə 5 500 500.00 manat vəsait ayırdığı və “Lotto Yayım” MMC, “GLOBNET SYSTEMS” MMC,“Mobil Loto” MMC, “Azərinteltek” QSC ilə müqavilələr bağladığı məlum oldu.

Aktualinfo.org-un apardığı digər araşdırmalarda “Azərlotereya”Açıq Səhmdar Cəmiyyəti tərəfindən keçirilmiş açıq tenderdə bağlanılmış satınalma müqavilələri barədə məlumatların dövlət sanalmalarının rəsmi internet saytında yerləşdirilmədən həyata keçirilməsi də üzə çıxdı.Belə ki, “Azərlotereya” ASC tərəfindən 26 noyabr 2020-ci il tarixdə “Lotereya biletlərinin satışı” üzrə keçirilmiş açıq tenderdə qalib elan edilmiş “LottoYayım” MMC, “CaspianTech” QSC,  “Smart Lotto” MMC və “Mobil Loto” MMC ilə 15 yanvar 2021-ci il tarixində satınalma müqaviləsi bağlanıldığı bildirilir.Göründüyü kimi ASC 26 noyabr 2020-ci ildə keçirmiş olduğu tenderlər üzrə 15 yanvar 2021-ci ildə müqavilə bağlayıb.Amma satınalmalar haqqında qanuna görə,tender nəticəsində bağlanmış satınalma müqaviləsi barədə məlumat 5 bank günü ərzində tender haqqında elanın verildiyi mətbuat orqanında dərc etdirilir və rəsmi internet saytında yerləşdirilir. Bəs 26 noyabr 2020-ci ildən 15 yanvar 2021-ci ilə neçə bank günü keçib?

Digər tərəfdən,”Dövlət satınalmaları haqqında” Qanuna görə satınalan təşkilat satınalma prosedurları haqqında aşağıdakı məlumatların göstərildiyi hesabatı tərtib edir; tender təklifləri, ofertalar və ya kotirovkalar təqdim etmiş malgöndərənlərin (podratçıların) adları və ünvanları, satınalma müqaviləsi bağlanan malgöndərənin (podratçının) adı və ünvanı, həmin müqavilənin qiyməti;

Amma “Azərlotereya”ASC həyata keçirdiyi tender və kotirovka sorğuları barədə məlumatları “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinin əksinə olaraq ictimaiyyətdən gizlədib. Həm də bir yox,bir neçə dəfə. Elə buradan da, bu şirkətlərlə bağlanılan müqavilələr barədə ətraflı məlumatların dövlət sanalmalarının rəsmi internet saytında nə üçün yerləşdirilməməsi müəyyən suallar ortaya çıxarır. İndi isə səhmdar cəmiyyətin ictimaiyyətdən gizlətdiyi digər tender prosedurlarına nəzər salaq.

29.03.2019-cu il tarixli yeni ani, bayram və ənənəvi həftəlik lotereyaların, cəmiyyətin rəsmi internet səhifəsi və digər üsullarla satılan lotereya biletlərinin reklam kampaniyalarının səmərəliliyini artırmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi üzrə kotirovka sorğusunun qalibi elan olunmuş fərdi sahibkar Bədəlov Nadir Sabir oğlu ilə bağlanmış müqavilə barədə də açıq məlumatlar verilmir.

Amma 07.02.2020-ci il tarixdə kompyuter və server avadanlıqlarının satın alınması üzrə keçirilmiş kotirovka sorğusunun qalibi elan olunmuş “Premier”MMC-ilə 48 781,20 manat məbləğində satınalma müqaviləsinin bağlanması barədə məlumat açıq şəkildə göstərilir.

“Azərlotereya” ASC-nin 31 dekabr 2019-cu il tarixdə Maliyyə Hesabatlarının Beynəlxalq Standartların tələblərinə və Beynəlxalq Audit Standartlarına müvafiq audit yoxlanılmasının aparılması ilə bağlı keçirmiş olduğu kotirovka sorğusunun qalibi “Caspian Consulting partners” MMC olmuşdur. “Azərlotereya” ASC ilə “Caspian Consulting partners” MMC arasında 10.02.2020-ci il tarxidə satınalma müqaviləsi bağlanmışdır.Lakin bağlanmış müqavilə barədə açıq məlumatlar verilmir.

“Azərlotereya” ASC-nin 02.12.2019-cu il tarixdə keçirilmiş “Lotereya biletlərinin çapı” üzrə açıq tenderin qalibi elan olunmuş “İndigo” MMC-ilə satınalma müqaviləsi bağlanımışdır.Burada da ayrilmış vəsaitin məbləği açıqlanmamış qalıb.Qeyd edək ki,lotereya biletlərinin çap olunması vaxtaşırı həyata keçirilir və bu lot üzrə kifayət qədər vəsait ayrılır. Amma bu məqsədlə keçirilmiş tenderllər barədə dövlət sanalmalarının rəsmi internet saytında heç bir məlumat yerləşdirilməyib.

ASC tərəfindən 24.07.2019-cu il tarixdə kompyuter və digər avadanlıqların satın alınması üzrə keçirilmiş kotirovka sorğusunun qalibi elan olunmuş “Premier” MMC -ilə 7398.60 manat məbləğində satınalma müqaviləsinin bağlanması barədə məlumat açıq şəkildə göstərilir.

Lakin 15.05.2019-cu il tarixdə kompyuter və digər avadanlıqların satın alınması üzrə kotirobka sorğusunun qalibi elan olunmuş “Megamart” MMC ilə müqavilə barədə məlumatlar ictimaiyyətdən gizlədilib.

Həmçinin 07.03.2019-cu il tarixdə İT avadanlıqlarının satın alınması üzrə kotirovka sorğusunun qalibi elan olunmuş “Best Comp Group” MMC-ilə bağlanılmış müqavilə barədə məlumatlar da.

İndi isə “Azərlotereya” ASC-nin gizlin şəkildə müqavilə bağladığı,daim işbirliyində olduğu şirkətlər barədə məlumatlara nəzər salaq.Qeyd edək ki,səhmdar cəmiyyətin uzun illərdir işbirliyi qurdiuğu və lotereya biletlərinin satışı üzrə bütün tenderlərin qalibi olan “Mobil Loto” MMC barədə heç bir məlumat yoxdur. Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında belə bu MMC barədə məlumat olmadığı göstərilir.Ünvanı belə belə olmayan bir MMC ilə “Azərlotereya” ASC-nin işbirliyi müəmmalı görsənmirmi? ASC-nin işbirliyi qurduğu digər MMC-lər isə aşağıdakılardır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PREMİER” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 13.03.2015-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanının LƏNKƏRAN RAYONU,LƏNKƏRAN ŞƏHƏRİ, V.MƏMMƏDOV, ev 6, qanuni təmsilçisi kimi Məmmədov Cavad Ramil oğlu qeyd edilib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MEGAMART” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 19.01.2006-cı il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, YUSİF VƏZİR ÇƏMƏNZƏMİNLİ, ev 119C, m. 22,qanuni təmsilçisi kimi Məmmədova Səbinə Ramiz qızı qeyd edilib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “LOTTO YAYIM” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində 17.10.2002-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU,KAZIM KAZIMZADƏ, ev 30B, m. 132, qanuni təmsilçisi kimi Həsənov Məhəbbət Əmirxan oğlu qeyd edilib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “CASPİAN TECH” qapalı Səhmdar Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində 19.01.2010-cu il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 100000 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU,XOCALI, ev 13A,m.”XƏTAİ İŞ MƏRKƏZİ” qanuni təmsilçisi kimi Məmmədov Vüsal Yaqub oğlu qeyd edilib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SMART LOTTO” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 11.02.2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 13 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, AZƏR ƏLİYEV, ev 5Q, m. 35, qanuni təmsilçisi kimi Məmmədov Anar Elnur oğlu qeyd edilib.

Göründüyü kimi “Azərlotereya” ASC-nin maliyyə işlərində qaranlıq məsələlər çoxdur. Bizim qeyd etdiklərimiz bu qaranlıq məsələlərin üzdə olan,görünən bir hissəsidir.Maraqlıdır bəs görəsən bizlərə məlum olmayan başqa nə kimi qaranlıq məsələlr var? Sabiq Vergilər naziri Fazil Məmmədovun kadrlarından olan Maqsud Tağıyevin “Azərlotereya” ASC-ni idarə edə bilmədiyi 12 ildən sonra məlum oldu.Ortada isə dövlətin milyonlarla vəsaiti müxtəlif yollarla talan edildi.İndi səhmdar cəmiyyətin xarici bir şirkətə idarəetməyə verilməsi nə ilə bağlıdır,hələlik məlum deyil. Elə çox güman ki,ASC-nin Türkiyə şirkətinə idarəetməyə verilməsnin əsas səbəbi bizim qeyd etdiklərimizlə yanaşı,həm də lotereya oyunlarının keçirilməsindən dövlət büdcəsinə daxil olmalardan daha çox Maqsud Tağıyevin şəxsi qazancının artırılmasına xidmət etməsi olub.

 

Aktualinfo.org

 

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password