Məşhur fotoqraf Fransa kanalında Şuşanın tarixindən danışıb

Məşhur fotoqraf Reza Deqati Fransanın TV5MONDE televiziya kanalının qonağı olub. O, verilişdə Şuşa şəhərinin tarixindən danışıb, onun əsasının Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulduğunu diqqətə çatdırıb.

Reza Deqati vurğulayıb ki, Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir. Şuşa məşhur bəstəkarlar, musiqiçilər, şairlər, yazıçılar yetişdirib. Veriliş zamanı Şuşa şəhərinin tarixi mərkəzini əhatə edən qala divarları nümayiş etdirilib. Şəhərin 30 illik erməni işğalından azad olunduğu bildirilib.

Məşhur fotoqraf İkinci Qarabağ müharibəsi zamanı Fransa mediasının nümayiş etdirdiyi qərəzlilikdən də bəhs edib. O deyib ki, Fransa mediasının bütün jurnalistləri müharibə zamanı Ermənistan tərəfinə getdilər. Təxminən yüzə yaxın fransız jurnalist münaqişəni Ermənistan tərəfindən işıqlandırırdı. “Azərbaycan tərəfində isə mən Fransadan olan yeganə jurnalist idim. Mən adətim üzrə münaqişə zonalarına gedərək insanların çəkdikləri iztirabları işıqlandırmağa çalışıram. Birinci Qarabağ müharibəsi zamanı – 1992-ci ildə də mən Azərbaycan tərəfində idim. Mən Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş kütləvi qırğını, Azərbaycan xalqının əzablarını gördüm və bütün bunları lentə alaraq yaymağa çalışdım”, – deyə o qeyd edib.

Reza Deqati verilişdə Ermənistanın döyüş zonalarından uzaqda yerləşən Azərbaycan şəhərlərini, mülki əhalini kasetli bombalarla hədəfə almasından da danışıb. O, Bərdə şəhərinin Ermənistan tərəfindən raket atəşinə məruz qaldığını, mülki əhalinin qətlə yetirildiyini qeyd edib. Fotoqraf erməni bombardmanının qurbanı olmuş Bərdə sakininin dəfn mərasimini əks etdirən şəkli göstərərək, müharibə zamanı Ermənistanın mülki əhalini qətlə yetirdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, kasetli bombaların Cenevrə Konvensiyaları ilə qadağan olunmasına baxmayaraq, Ermənistan bu silahlardan istifadə etdi və təkcə Bərdədə 20-dən çox mülki şəxs həlak oldu.

Fotojurnalist bildirib ki, o, yalnız müharibədən əziyyət çəkən mülki insanların əzabını dünyaya çatdırmaq istəyir.

Reza Deqati veriliş zamanı Azərbaycandakı multikulturalizmdən də bəhs edib, bununla bağlı çəkdiyi fotoları nümayiş etdirib. O, Azərbaycanda müxtəlif dini icmaların birgə mehriban şəraitdə yaşadıqlarını vurğulayıb. Fotojurnalist Azərbaycanın dini tolerantlığı ilə həmişə diqqəti cəlb etdiyini bildirib. O vurğulayıb ki, Azərbaycan dini tolerantlıq baxımından dünya dövlətlərinə nümunədir və hətta Avropa ölkələrində də bu cür tolerantlıq yoxdur.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password