Azərbaycanda istehsalı artmış və azalmış məhsullar açıqlanıb
Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ildə 37,1 milyard manatlıq və ya 2019-cu illə müqayisədə 5,0 faiz az sənaye məhsulu istehsal edilib.
Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,9 faiz azalması hesabına baş verib, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 12,5 faiz artıb.
Sənaye məhsulunun 61,3 faizi mədənçıxarma sektorunda, 32,5 faizi emal sektorunda, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8,0 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 6,3 faiz artıb.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 10,7 dəfə, elektrik avadanlıqlarının istehsalı 9,6 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 67,4 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 47,0 faiz, kağız və karton istehsalı 36,9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 35,7 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 34,5 faiz, geyim istehsalı 32,7 faiz, kimya sənayesi məhsullarının istehsalı 20,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,5 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 11,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 7,4 faiz, hazır metal məmulatlarının istehsalı 7,3 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 4,7 faiz artıb.
Tikinti materiallarının istehsalı 0,1 faiz, qida məhsullarının istehsalı 2,1 faiz, poliqrafiya məhsullarının istehsalı 2,3 faiz, neft məhsullarının istehsalı 3,6 faiz, maşın və avadanlıqların istehsalı 5,1 faiz, tütün məmulatlarının istehsalı 7,9 faiz, içkilərin istehsalı 13,7 faiz, mebel istehsalı 26,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 41,3 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,4 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 10,4 faiz azalıb.