Ərdoğanın Qarabağ açıqlamasında mühüm mesaj
Rusiya və Türkiyə prezidentlərinin telefon danışığı ilə bağlı təfərrüat fərqlidir.
Bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığı ilə bağlı danışarkən deyib.
O bildirib ki, Kremlin açıqlamasında Putinin türkiyəli həmkarını Azərbaycan və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada keçirilmiş üçtərəfli görüş barədə məlumatlandırdığı, Ərdoğanın da Qarabağ münaqişəsinin nizamlanmasında Putinin səylərini dəstəklədiyi qeyd edilir.
Ərdoğan özünün Teleqram kanalında Rusiya prezidenti ilə danışıqların başqa təfərrüatından da söz açıb. Ərdoğan bildirib ki, Putinlə Qarabağda atəşkəsə nəzarət və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin formalaşdırılmasını müzakirə edib. Eyni zamanda, Ərdoğan Putinə deyib ki, Qarabağda sülhməramlı və müşahidə fəaliyyətinə ehtiyac olmadan “birlikdə mövcudluğu” (ermənilərlə azərbaycanlıların birlikdə yaşamasını – red.) təmin edəcək şərait yaradılmalıdır”.
Politoloq qeyd edib ki, bu, artıq yaxın gələcəkdə Qarabağda sülhməramlılara ehtiyac olmayacağı mesajıdır:
“Bu sözləri bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu da dedi. Cənab Ərdoğan və Mövlud Çavuşoğlu bu sözləri ilə nəyə işarə edirlər?
Ankara bu açıqlama ilə Azərbaycan ərazisində rus sülhməramlılarının missiyasına diqqət çəkir. Yəni onlar üzərlərinə düşən funksiyanı yerinə yetirməli, öhdəliklərindən kənara çıxmamalı, vaxtı çatanda da oranı tərk etməlidir.
Bildiyimiz kimi, bəzi hallarda rus sülhməramlılarının missiyadankənar fəaliyyətləri də müşahidə edilir və bu, Azərbaycan cəmiyyətində o qədər də xoş qarşılanmır. Görünür, Türkiyə rəsmilərini də bu məqam narahat edir və rus sülhməramlılarının da orada müvəqqəti olduğu ona görə xatırladılıb”./axar.az/