“Bu təhsillə sənətkar yetişdirmək mümkün deyil“ – Mələkxanım Əyyubova

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris prosesi müvəqqəti dayandırılıb. Nazirlər Kabinetinin qərarına görə xüsusi karantin rejimi dövründə tədrisin distant formada təşkilinin müddəti də uzadılıb.

Bununla da distant təhsil müddətinin uzadılması sosial şəbəkələrdə yenidən müzakirə mövzusuna çevrilib. Bunun təhsilin keyfiyyətinə mənfi təsir etdiyi barədə fikirlər səslənir.

Mövzu ilə bağlı açıqlama verən Mədəniyyət və İncəsənət Universitetinin muğam sənəti kafedrasının professoru, Xalq artisti Mələkxanım Əyyubova distant təhsilin çətinliklərini qeyd edib:

“Təbii ki, distant təhsil çətindir. Mən şəxsən öz sənətimdən misal çəkirəm, incəsənət aləmində musiqi alətlərini canlı ünsiyyət olmadan necə izah etmək olar? Eyni keyfiyyəti əldə etmək mümkün deyil. Piano, qanun, tar, kaman kimi dərslərdə müəllim barmaqları ilə tələbəyə göstərməsə sabah həmin tələbə bu dərsi necə yüksək səviyyədə mənimsəyə bilər? Eləcə də mən özüm. Hazırda onlayn dərsdəyəm, tələbələrimlə imtahandayam. Nə qədər söz deyirsən bir saatdan sonra gedib tələbəyə çatır. Uşaq nəsə oxuyur handan-hana gəlib mənə çatır. Çox çətindir, heç cür mümkün deyil. Üzbəüz dərsdə yarım saata başa sala biləcəyimiz mövzunu onlayn dərslə bir saata izah edirik. Çətinliklər çoxdur, adama əsəb gətirir”.

Xalq artisti müəllimlərin vəziyyətlə əlaqədar tez-tez güzəştə getməli olduğunu və bunun gələcəkdə tələbələrin sənətkar kimi yetişməyinə mane olduğunu bildirib:

“İmtahanda müəllim məcburdur ki, tələbəyə güzəşt eləsin. Bu qədər güzəştlərlə hara gedib çıxacağıq? Vəziyyətə görə məcbursan güzəşt edəsən. Bəzən hansısa tələbə düşünür ki, onsuz da mənə güzəşt edəcəklər və dərslərdən yayınır. Bax bunlar hamısı distant təhsilin mənfi cəhətləridir. Sabah həmin tələbələr bir sənətkar kimi necə yetişə bilər? İnanırıq ki, problem tezliklə həllini tapar və ənənəvi dərslərimizə geri dönərik”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password