Bu, növbəti illərdə Azərbaycan üçün çox ciddi fiskal risklər yaradacaq… – Ekspert
“Yarım milyarda yaxın bir layihənin imzalanması, hər hansı bir dövlət qurumuna binanın tikilməsi düşünürəm ki, çox məqsədsiz, iqtisadi cəhətdən əsaslandırılması mümkün olmayan layihədir”.
Bunu açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov Azərbaycan Mərkəzi Bankının 218 milyon avroya tikiləcək yeni binasından danışarkən deyib. Ekspert hesab edir ki, bu, böyük ehtimalla növbəti illərdə Azərbaycan üçün çox ciddi fiskal risklər yaradacaq:
“Əslində, ciddi bir zərurətin olduğunu düşünmürəm. Çünki Azərbaycan qarşısında hazırda çox böyük çağırışlar yaranıb. Xüsusi ilə də işğaldan azad olunan ərazilərin təmiri və bərpası ilə bağlı. Neft gəlirləri əhəmiyyətli dərəcədə azalıb, qeyri-neft sektoru 5%-ə yaxın resersiya edib. 2021-ci ildə müvafiq problemlərin davam edəcəyi ehtimalları çox yüksəkdir”.
Rəşad Həsənov bunun yeni ortaya çıxmadığını və ona bənzər layihələrin olduğunu da vurğulayıb:
“Məsələn, “Azərsu” və s. inzibati binaların tikilməsi tendensiyası onsuz da Azərbaycanda var. Amma düşünürdüm ki, bu baş verənlərdən sonra hökumət dövlət vəsaitləri ilə müəyyən qədər daha ehtiyatlı davranar. Amma görünən odur ki, heç nə dəyişmir. Bir vaxtlar yenə də görəcəyik ki, yuxarı səviyyədə artıq dövlət qurumlarına mənasız binalar tikilməsi və bu istiqamətdə vəsaitlərin sərf edilməsi ilə bağlı danışacaqlar. Onda artıq gec olacaq”.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 218 milyon avroya bina tikdirir. Türkiyənin “Tekfen Holding”i Azərbaycan Mərkəzi Bankının yeni inzibati binasının inşası üçün keçirilmiş tenderin qalibi olub. /qaynarinfo/