Paşinyan məyusdur: “Problemi həll edə bilmədik” – Hərbi əsirlər verilmir
“Hesab edirik ki, xüsusən bizim imzaladığımız birgə bəyannamənin (noyabrın 9-dan 10-na keçən gecə) konkret olaraq səkkizinci maddəsi, təəssüf ki, tam olaraq icra edilmir”
Dağlıq Qarabağda tutulmuş hərbi əsirlərin dəyişdirilməsi üzrə iş davam etdiriləcək, bu məsələ hələ həll olunmayıb.
“RİA Novosti” bildirir ki, bunu Moskvada keçirilən üçtərəfli görüşdə Ermənistan baş naziri Nikol Paşinyan deyib.
“Təəssüf ki, bu gün hərbi əsirlər məsələsini həll edə bilmədik, bu, çox həssas və ağrılı məsələdir… Biz razılığa gəldik ki, bu istiqamətdə işi davam etdirəcəyik. Hesab edirik ki, xüsusən bizim imzaladığımız birgə bəyannamənin (noyabrın 9-dan 10-na keçən gecə) konkret olaraq səkkizinci maddəsi, təəssüf ki, tam olaraq icra edilmir. Ümid edirəm ki, qısa müddət ərzində konkret qərara gələ biləcəyik”, – Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə birgə görüşdən sonra Paşinyan deyib.