Neftin qiyməti sürətlə artır – Azərbaycan büdcəsinin gəlirləri necə dəyişə bilər?
Son günlər dünya bazarında neftin qiyməti artır. Artıq, “qara qızılı”ın bir barelinin qiyməti 55 dollar ətrafında dəyişir. Xatırladaq ki, Azərbaycanın bu ilki dövlət büdcəsində neftin bir barreli 40 dollar götürülüb.
Qiymət artımımın Azərbaycan büdcəsinə təsirlərini şərh edən, iqtisadçı, millət vəkili Vüqar Bayramov əvvəlcə xatırladır ki, OPEC-in (Neft İxrac Edən Ölkələr Birliyi) son toplantısından sonra neftin qiymətində artımlar müşahidə olunur: “Xüsusilə Səudiyyə Ərəbistanının növbəti aylar üçün neft hasilatının azaldılması ilə bağlı kvotasının gözlənildiyindən çox elan etməsi neft bazarına təsir göstərdi. Eyni zamanda, pandemiyanın yumşaldılacağıyla bağlı proqnozlar və vaksinləşmənin həyata keçirilməsi də neft bazarına təsir göstərir”.
Vüqar Bayramov hesab edir ki, Azərbaycan üçün neftin dünya bazar qiyməti kifayət qədər əhəmiyyətlidir: “Çünki ixraacatın təxminən 85 faizini neft və neft məhsulları təşkil edir. O zaman ölkəyə daxil olan valyutanın həcminə təsir göstərən amillərdən biri də neftin dünya bazar qiymətidir.
Bu il dövlət büdcəsində neftin 1 barrelinin qiyməti 40 dollar nəzərdə tutulub, hazırda isə qiymət 55 dollar ətrafında dəyişir. O baxımdan, qiymətin yüksək olması Azərbaycan üçün məqbul və arzuolunandır. Çünki bu, ölkəyə daha çox valyutanın daxil olmasına imkan verəcək. Bununla da həm Dövlət Neft Fondunun gəlirlərində artımlar olacaq, həm də fond bu il öhdəliklərini yerinə yetirdikdən sonra aktivlərin həcmini artıra bilər”.
Deputat sonda da deyib: “ Son illər Azərbaycan üçün əsas prioritetlərdən biri valyuta ehtiyatlarının və Dövlət Neft Fondunun aktivlərinin qorunub saxlanılmasıdır. Ona görə də neftin dünya bazar qiyməti Azərbaycan üçün fiskal baxımdan əhəmiyyətlidir. Bu, dövlət gəlirlərimizin artmasına imkan yaratmaqla Dövlət Neft Fondunun və bütövlükdə strateji valyuta ehtiyatlarımızın 2021-ci ildə artmasıyla nəticələnə bilər”./azpolitika.info/