Ermənilər Paşinyanı niyə devirmir? – SƏBƏBLƏR
“Son ayların təcrübəsi göstərdi ki, Qarabağ məsələsi müxalifətin əlində Ermənistanda hakimiyyəti dəyişdirmək üçün ən effektiv vasitə deyil”.
Erməni cəmiyyəti bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderləri səviyyəsində keçiriləcək görüşün nəticələrini nəfəsini saxlayaraq gözləyir desək, mübaliğə olmaz.
Bir neçə gündür mətbuatda və sosial şəbəkələrin erməni seqmentində Bakı ilə İrəvan arasında sərhədlərin demarkasiyası, məhkumların geri qaytarılması məsələsinin həlli və müharibədən sonrakı vəziyyətlə bağlı bir çox digər məsələlərin ehtiva edildiyi sənəd imzalanacağı barədə iddialar dolaşır. Ermənistanın ağrılı güzəştlərindən bəhs olunur.
Erməni politoloq Yervand Bozoyanın fikrincə, Ermənistandakı gərginlik və bədbin hisslər Paşinyan tərəfindən ictimai legitimliyin itirilməsi ilə əlaqələndirilir. 10 Noyabrda atəşkəs imzalandıqdan və müharibədəki məğlubiyyətdən sonra vətəndaşlar səlahiyyətlilərin açıqlamalarına inanmağı dayandırıb. Orduya əvəlki etibar da yoxdur: “Bu fonda Qarabağla bağlı hər hansı bir sənəd son dərəcə ciddi narahatlığa səbəb olur”.
Politoloq əlavə edib ki, son aylardakı proseslər nəticəsində Ermənistan cəmiyyəti uzunmüddətli inkişaf, təhlükəsizliyin möhkəmləndirilməsi və s. ilə bağlı ümidləri mövcud hökumətə bağlamaqdan imtina edib: “Ermənistanda çox paradoksal bir vəziyyətin yaranıb. Dünya tarixindən məlumdur ki, bir ölkənin hərbi məğlubiyyətindən sonra tez-tez ordunun təşəbbüsü ilə hakimiyyət dəyişiklikləri olur. Latın Amerikası ölkələrində, bir sıra Avropa ölkələrində – İspaniyada, Yunanıstanda buna rast gəlinib. Bir qayda olaraq, hərbi forma geyən insanlar özlərini dövlətçiliyi xilas etməyə borclu hesab edir, xüsusi bir məsuliyyət daşıyırlar. Ancaq Ermənistanda çox qəribə bir vəziyyət görürük – ölkə lideri istefa vermək istəmir. Son dərəcə passiv və itaətkar davranır. Bu, çox təəccüblüdür və hətta Ermənistanda real güc strukturlarının olmadığını düşünmək olar”.
Onun sözlərinə görə, müxalifət hazırkı komandanı hakimiyyətdən uzaqlaşdırmaq üçün güc strukturlarının funksiyalarını öz üzərinə götürməyə çalışır: “Mitinqlər təşkil etmək, “ləyaqət yürüşləri” keçirmək və s. bunu göstərir. Ancaq belə vəziyyətlərdə xüsusi bir uğur şansı yoxdur, çünki geniş kütlələr ancaq sosial və sosial-iqtisadi şüarlar altında küçələrə çıxırlar. 1988-ci ildə Ermənistanda başlayan hərəkat da, 2018-ci ilin aprel ayında olan “Məxməri inqilab” da milli-sosial bir hərəkat idi. İnsanlar oliqarx rejim hesab etdiklərindən xilas olma və yaxşı yaşamaq istəyirdilər. Hazırda müxalifətin fəaliyyəti “yaxşı yaşamaq” fikrinə söykənmir, “dövləti xilas etmək” fikri var. Bu da ancaq gündəlik problemləri və qayğıları ilə yaşayan adi bir vətəndaşa çox şey demir. Bu vəziyyət müxalifətin şansını qeyri-effektiv hala gətirəcək. Ən yaxşı halda, hərəkatın “ictimailəşməsinə” gedə bilərlər, ancaq bunun üçün biraz vaxt lazımdır”./publika.az/