“Azərbaycan mediasında çox ciddi boşluqlar var” – Deputat
“Təbii ki, Azərbaycan mediasında çox ciddi boşluqlar var. Bunu gözümüz görür. Bəzi jurnalistlər sensasiya, daha çox baxış sayı yığmaq xatirinə nələrisə dərc edir. Bunlar da Azərbaycanın milli maraqlarına cavab verməyən məlumatlar olur. Həmin məlumatları da ermənilər bizim səhifələrdən götürüb paylaşırlarlar və bizi ələ salırlar”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib. Millət vəkili bəzi saytlarda gedən dezinformasiyaları Ermənistan tərəfi bizim səhifələrimizdən götürərək özümüzə qarşı istifadə edir:
“Mən bizim bəzi media orqanlarının Ermənistan mətbuatından nələri, hansı dezinformasiyaları götürüb paylaşmalarından o qədər də məlumatlı deyiləm. Bizim məkanımızdan, media resurslarımızdan, mətbuatımızdan bu cür xəbərləri qarşı tərəf götürüb paylaşıb və bizi lağa qoyublar. Bu cür hallara çox rast gəlmişəm. Çünki hər hansı bir ananın narazı insanın fikirlərini paylaşırlar, ermənilər də bu informasiyadan geniş “istifadə edirlər”. Bəzən həmin paylaşılan məlumatların həqiqət payı da az olur. Müharibə dövründə, ölkənin maraqlarının təhlükə ilə üz-üzə qaldığı məqamlarda bu cür informasiyaları paylaşmaq olmaz. Amma bu məsələlərə fikir verən yoxdur”.
Razi Nurullayev düşünür ki, media sahəsində hüquqi çərçivədə bir o qədər də boşluq yoxdur:
“Əslində hər bir şey qanunla tənzimlənir. Burada əsas məsələ odur ki, geniş maarifləndirməyə ehtiyac var. Məsuliyyəti dərk etməyə ehtiyac duyulur. Eyni zamanda, bu cür hallara təkrar yol verənlərin cəzalandırılmasına ehtiyac var. Düşünürəm ki, bir neçə nəfər cəzalandırılsa, digərləri də sonrakı mərhələlərdə ehtiyatlı ola bilərlər. Təbii ki, mən Azərbaycanda peşəkar jurnalistika ilə məşğul olanlar arasında bu cür səhvlərə yol verənlərə rast gəlməmişəm. Bu cür səhvləri yeni yaranan, daha çox özünü bu bazarda təsdiq etmək istəyən media qurumlarında bu cür hallar baş verir. Onlar da məsuliyyətlərini dərk etməlidirlər ki, onların yaydığı informasiya başqa bir yerdə Azərbaycanın əleyhinə olacaqsa, bunun da məsuliyyətini daşıyırlar”.
Millət vəkilinin fikrincə, hüquqi mexanizmdə bu cür halların aradan qaldırılması üçün müəyyən süzgəclər və sərtləşdirmə tədbirləri də görülə bilər:
“Bu da mümkündür. İndi Mətbuat Şurası da var. Həmin şura elə bu cür məsələləri həll etmək üçün yaradılıb. Mənə elə gəlir ki, Mətbuat Şurası işləyir. Bəlkə də onun bu məsələlərlə bağlı daha çox olmalıdır. Onun əməli addımlar atması üçün hansısa rıçaqlar, təzyiq vasitələri formalaşmalıdır. Mətbuat Şurası QHT kimi fəaliyyət göstərdiyi üçün bəzən onun tənqid və tövsiyələrindən ciddi nəticə çıxarmırlar, qorxmurlar. Qanun qarşısında müəyyən qorxu hissi olmalıdır. O baxımdan razılaşa bilərəm ki, İnformasiya haqqında qanunda, qanunvericilikdə bu cür jurnalistlərin cəzalandırılması məsələsi də öz təsdiqini tapa bilər. Mənim bildiyimə görə, bu cür xüsuslarla bağlı cəzalandırılma məsələləri də var. Onların tətbiqi mexanizminin nə dərəcədə olması ilə bağlı məndə məlumat yoxdur”./publika.az/