Gürşad Zorlu: “Qarabağda ikinci kritik mərhələyə keçilir”
Qarabağda 44 gün davam edən savaşdan sonra Rusiyanın vasitəçiliyi ilə əldə edilən atəşkəsdə yeni bir mərhələyə keçildiyi görünür. İlk mərhələdə Azərbaycanın 7 rayonu və Şuşa şəhərini geri alması və rus hərbçilərinin Dağlıq Qarabağda yerləşməsi təmin edilmişdi. Bununla birlikdə, artıq “Laçın dəhlizi” də rusların nəzarətindədir.
İndi isə 9 maddəlik atəşkəsdə daha çətin bir mərhələyə keçilir. Bu mərhələ – 5 illik bir müddəti əhatə edən atəşkəsin qalıcı və yekun bir anlaşmaya çevrilib-çevrilməyəcəyini müəyyənləşdirəcək kritik proses başlayıb.
Atəşkəsdən öncə Rusiyanın Dağlıq Qarabağda hər hansı bir hərbi gücü yox idi. Halbuki Kremlin son dövrdəki həmlələrinə baxılarsa, öz hinterlandı – arxa bağçası kimi qəbul etdiyi digər münaqişə bölgələrində hərbi gücü ilə yer alır. İndi bacarıblar və ciddi bir hərbi güc göndərərək, meydandakı təsir güclərinin miqyasını artırıblar. Beləliklə, anlaşmanın davamlılığı və təhlükəsizliyi baxımından ən önəmli rolu əldə ediblər.
Xatırladaq ki, anlaşmanın 4-cü maddəsinə görə, “… Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır”. Yəni, əgər Azərbaycan və Ermənistan və ya onlardan hər hansı biri 4 il sonra “Rus hərbi varlığını istəmirəm!” deməzsə, bu anlaşmanın qüvvədə olması növbəti 5 il ərzində də davam edəcək.
Bir də, təbii, “Naxçıvan dəhlizi” məsələsi var. Oranın da nəzarəti ruslarda olacağına görə, “İstəmirəm!” deyiləcəyi halda, yaranacaq durumun bu dəhlizlə bağlı irəliləyişə təsir edəcəyini də diqqətdən qaçırmamaq lazımdır.
Anlaşmanın bu 2-ci mərhələsində Dağlıq Qarabağdakı qeyri-müəyyənliyin, məsələnin həll edilməmiş şəkildə qalmasının davam etməsi Ermənistandakı kin və düşmənçiliyi bəsləyə, bu da orta vədədə atəşkəsi yeni bir əks-strategiya üçün vaxt udmaq alətinə çevirmə ehtimalı yarada bilər.
İki gün öncə Ermənistan Xarici işlər naziri Ara Ayvazyan, Dağlıq Qarabağdakı “həmkarı”nı ziyarət edib. Azərbaycan XİN-i də buna reaksiya verib, “qanuna ziddir” deyib. Haqlıdırlar, çünki bura da Azərbaycan torpağıdır. Yaxşı, bəs bunu başqa kim deyir? Məsələn, Putin deyir. Elə ötən ay keçirdiyi mətbuat konfransında dedi ki, “Dağlıq Qarabağ beynəlxalq hüquqa görə Azərbaycan torpağıdır”.
Bu baxımdan, Azərbaycan Prezidenti Əliyevin işğaldan azad edilmiş Qarabağ torpaqlarında nəqliyyat şəbəkəsinin genişləndirilməsi və şəhərlərin sürətlə xaricilərin gediş-gəlişi üçün açılması yönündə verdiyi qərarlar yerindədir. Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, Füzulidə beynəlxalq hava limanının tikilməsi də həmçinin. Bu işlər Zəngilan və Kəlbəcərədək uzanmalıdır. Sovet dövründə əksəriyyət Şuşaya Laçın dəhlizilə getməli olurdu. İndi yeni bir yol inşa ediləcək və xaricdən gələn adamlar və heyətlər Şuşaya buradan gedə biləcəklər.
Doğrusu, Şuşa şəhəri yalnız Qarabağ problemi baxımından önəmli deyil, eyni zamanda Azərbaycan tarixi və kimliyi baxımından da böyük bir xəzinənin ən ciddi izlərinə sahibdir.
Bu arada, 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan edildiyini də bildirək…/strateq.az