“YAŞAT” Fondu I Qarabağ müharibəsi iştirakçılarının da ehtiyaclarını qarşılayacaq
“2020-ci il 27 sentyabr tarixindən etibarən ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin ailələrinin üzvlərinin müraciətləri “YAŞAT” Fondu komandası tərəfindən toplanılıb sayta yerləşdirilir. Hazırda həmin müraciətlərin təmin edilməsi istiqamətində işlər davam etdirilir. Ona görə, hal-hazırda bu kateqoriyadan olan şəxslərin sayta müraciət etmələrinə zərurət yoxdur. Vətən müharibəsi zamanı şəhid olmuş şəxslərin siyahısı bizdə var. Onlarla bağlı məsələyə birbaşa olaraq Fond tərəfindən baxılacaq”.
Bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib.
O, Birinci Qarabağ müharibəsi iştirakçılarına da müraciət edib: “Mart ayından etibarən Fonda müraciət etsinlər. Düşünürəm ki, bizim müraciətimizi müsbət qarşılayacaqlar. Eyni zamanda, 2021-ci ilin mart ayından etibarən 2020-ci il 27 sentyabr tarixindən əvvəlki dövrdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş şəxslərin ailə üzvlərinin və əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların da Fondun rəsmi saytında qeydiyyatdan keçərək müraciətlərini yerləşdirmələri üçün imkan yaradılacaq”.