Paşinyan Rusiyanı Qarabağ erməniləri və Azərbaycanla təkbətək qoyacaq – Rusiyalı politoloq
Paşinyan öz Yeni il bəyanatı ilə son 30 ilin tarixini qeyd-şərtsiz inkar edərək, ölkəni Rusiyanın siyasi təsirindən çıxarmaq üçün əvvəlcədən götürdüyü xətti davam etdirəcəyini birmənalı şəkildə açıqladı.
Bunu açıqlamasında rusiyalı politoloq, hərbi ekspert Oleq Kuznetsov bildirib.
“Paşinyanın Yeni il müraciətində əsas məqsədinin ölkədəki elitanı dəyişdirmək olduğunu deməsinə çox təəccübləndim və eyni zamanda sevindim. Ondan belə bir açıq etiraf gözləmirdim. O, əslində, bununla daxili və xarici siyasətinin antirusiya yönümünü açıq şəkildə imzaladı. Belə görünür ki, hazırda ölkədə hökm sürən ən ağır siyasi böhran şəraitində o, artıq “həm sizin, həm də bizim” prinsipi ilə oynaya bilməz. Yaxud da Paşinyandan Rusiyanın, yoxsa Qərbin komandasında olduğunu elan etmək, cəmiyyət qarşısında müəyyənləşdirmək tələb olunub”, – Kuznetsov qeyd edib.
Politoloqun sözlərinə görə, Paşinyanın ölkədə hakimiyyəti ələ keçirəndən bəri “Qarabağ klanı”nın – Kreml ilə sıx əlaqəli olan Qarabağ separatçılarının qanunsuz silahlı birləşmələrinin səhra komandirləri xuntasının – siyasi, maddi və fiziki cəhətdən məhv edilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirdiyi tamamilə aydındır:
“1999-cu ilin noyabrında baş verən dövlət çevrilişi nəticəsində Ermənistanda hakimiyyəti ələ keçirən bu xunta nümayəndələri, əslində, rəsmi İrəvanın bütün varlığını separatçı keçmiş “dqr” rejiminin mövcudluğunun mənafeyinə tabe etdilər, çünki onlar bu bölgənin yerli sakinləri və İrəvan ermənilərinə ruh və mentalitet baxımından yad olan Azərbaycan vətəndaşları idi…
Hələ 2012-ci ildə də yazdığım kimi, “Qarabağ klanı” Ermənistanı Qarabağın müstəmləkəsinə çevirmişdi və onlar bu həqiqətdən tamamilə xəbərdar idilər. Əks təqdirdə büdcənin və büdcədənkənar fondların aktivlərini onun hüdudlarından kənara — ilk növbədə Rusiya, Belarus və Ukraynaya yatırmazdılar. “Qarabağ klanı” rəsmi İrəvanın bütün maddi, maliyyə və insan resurslarını, o cümlədən Qərbi Avropa və Şimali Amerika erməni diasporunun maliyyə yardımlarını öz şəxsi biznesi kimi Ermənistan iqtisadiyyatının əvəzinə, yuxarıda qeyd olunan ölkələrin iqtisadiyyatına yatırıb.
Eks-prezident Robert Köçəryan siyasi repressiyalara görə deyil, məhz bunun üçün İrəvan həbsxanasında iki il keçirdi. Həbsxanada ona diasporun sponsorluq ianələrini hara yoxa çıxardığı barədə suallar verilib”.
Ekspert “Qarabağ klanı”nın həm Azərbaycanın işğal olunmuş ərazilərində, həm də Ermənistanın özündə eyni qəddarlıqla və prinsipsiz davrandığını vurğulayıb:
“Paşinyan həmyerlilərinin əksəriyyətindən fərqli olaraq, bunu müxalif siyasi fəaliyyətinə görə həbs edildikdən sonra öz dərisində öyrəndi. Buna görə də bu gün İrəvanla Qarabağ erməniləri arasında ört-basdır edilməmiş bir ziddiyyətin, Qarabağdan gələn qaçqınların (ermənilərin – red.) aqressiv şəkildə rədd edilməsinin, onların “Qarabağ klanı”nın mövcudluğu üçün qidalandırıcı biokütlə kimi qəbul olunmasının şahidi oluruq. İrəvan erməniləri qaçqın erməniləri rus sülhməramlılarının himayəsi altında Qarabağa qaytarır, onları qidalandırmaq, yenidən tərbiyələndirmək istəmirlər, bunu Rusiyanın boynuna qoyurlar.
Onu da deyim ki, “Qarabağ klanı” və ona yaxın olan oliqarx dairələr (Ermənistanda 2018-ci ilədək başqaları yox idi — red.) hələ də Ermənistanın siyasi olmasa da, maliyyə və cinayətkar elitasını təmsil edirlər. Paşinyan məhz onlara müharibə elan etmişdi”.
Ekspert əlavə edib ki, Paşinyanın həm “Qarabağ klanı”nın qanunsuzluqlarından, həm də Rusiyanın siyasi varlığından bezmiş Ermənistan əhalisi tərəfindən dəstəklənəcəyinə əmindir:
“Nikolun erkən parlament seçkilərinin keçirilməsinin zəruriliyi barədə çox inamla danışması boş yerə deyil. Əminəm ki, elektoral proses başlanan kimi Paşinyan Ermənistanın separatçı keçmiş “dqr” rejiminin qalıqlarını dəstəkləməkdən imtina etdiyini bəyan edəcək və partiyanın növbədənkənar parlament seçkisində qalib gəlməsindən sonra isə açıq-aşkar qərbyönlü xətt seçərək, Rusiyanı Qarabağ erməniləri və Azərbaycanla təkbətək qoyacaq. Onun Ermənistanda elitanı dəyişdirmək bəyanatı, əslində, məhz bu anlama gəlir”./axar.az/