“İşıqlı dünyadan necə əl çəkim?! …” – Mikayıl Müşfiqin anım günüdür
Bu gün tanınmış Azərbaycan şairi Mikayıl Müşfiqin anım günüdür.
Xatırladaq ki, İsmayılzadə Mikayıl Əbdülqadir oğlu (Mikayıl Müşfiq) 1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olub.
Atası Mirzə Əbdülqadir İsmayılzadə dövrünün tanınmış ziyalılarından olub. O, müəllimlik fəaliyyəti ilə yanaşı, yaradıcılıqla məşğul olub, şeirlər yazıb. Uşaq olan zaman valideynlərini itirən Müşfiq yaxın qohumlarının himayəsində böyüyüb.
İbtidai təhsilini rus-tatar məktəbində alan şair Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxuyub.
Azərbaycan Dövlət Darülfünunun (universitetinin) dil və ədəbiyyat fakültəsini bitirib və əmək fəaliyyətinə pedaqoq kimi başlayıb. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olub. Poetik yaradıcılığa 1926-cı ildə “Gənc işçi” qəzetində çap etdirdiyi “Bir gün” şeiri ilə başlayıb və bədii tərcümə ilə də ciddi məşğul olub.
Ağır və fərəhsiz uşaqlıq illəri keçirən şair həyatının o illərini xatırlayaraq yazırdı:
“Hələ atamın sağlığında güzəranımız ağır keçdiyi halda, lap uşaqkən anam və atam vəfat etdi. Mən bir yetim halında daşkəsən əmim və bibimin yanında qaldım. Ac, yalavac, çılpaq bir uşaqlıq keçirdim”.
O illərin ağrı-acısını, anasızlığını şair “Ana” (1927) şeirində ürək yanğısı ilə qələmə alıb:
Ana dеdim, ürəyimə yanar odlar saçıldı,
Ana dеdim, bir ürpəriş hasil oldu canımda,
Ana dеdim, qarşımda bir gözəl səhnə açıldı,
Ana dеdim, fəqət onu görməz oldum yanımda.
Müşfiqin “Yenə o bağ olaydı”, “Oxu, tar” və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.
1931-ci ildə Dilbər Axundzadə ilə ailə həyatı qurub. 1968-ci ildə Bakıda Dilbər Axundzadənin “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunub.
Mərhum şair 1938-ci il yanvarın 6-da repressiya dövründə güllələnib.
Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib.
“Hər kəs bilir həyatın sonu ölümdür,
Ah bu qəmli dəyişmə yaman zülümdür.
Şеrim! Bu gülünc oyun bəllidir yarın, bizi də bəklər,
Sən də öl mənim kimi, fəqət məzarın olsun ürəklər!”