“Yanacaqda tarif dəyişməsilə elektromobillərə keçid sürətlənəcək” – İqtisadçı-ekspert 

Yanvarın 4-də Tarif (qiymət) Şurasının növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpikdən 1 manata, dizel yanacağının pərakəndə satış qiymətinin isə 1 litr üçün 60 qəpikdən 80 qəpikə kimi artırılmasına qərar verilib.

İqtisadçı-ekspert Amal Həsənli verdiyi açıqlamasında bildirib ki, yanacaq tariflərinə edilən dəyişiklik dünya bazarında cərəyan edən tendensiyadan doğan zərurətdir:

“Ölkəmiz dünya iqtisdiyyatına fəal şəkildə inteqrasiya olunur və orada cərəyan edən tendensiyadan kənarda qala bilməz. Belə ki, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə görə 0,91 ABŞ dolları olduğu halda, 2020-ci il dekabrın sonunda artıq 1,04 ABŞ dolları (1,77 manat) təşkil edib. Yəni qiymət il ərzində 14 % artıb. Yaxın qonşularımız olan Türkiyə, Gürcüstan və Rusiyada da ötən il benzinin qiymətlərində artım müşahidə olunub. Təkcə ötən ilin noyabr-dekabr aylarında Avropada dizel yanacağının qiymətində 29 % artım qeydə alınıb. Bütün bunların fonunda Azərbaycanda benzin və dizel qiymətlərinin artımı qaçılmaz idi və normal qarşılanmalıdır. Bununla belə hətta indinin özündə belə Aİ-92 markalı avtomobil benzininin Azərbaycanda pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır”.

Onun sözlərinə görə, qiymət artımı yaxın perspektivdə yanacağın keyfiyyətində öz əksini tapacaq: “Ölkəmizdə 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur. Tarif tənzimlənməsi neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsinə şərait yaradacaq. Bu da öz növbəsində yaxın perspektivdə istehlakçıları daha keyfiyyətli yanacaqla təmin etməyə imkan verəcək. Keyfiyyətin avrostandartlara çatdırılması isə nəticə etibarı ilə yanacağı daha səmərəli edəcək və ekoloji tarazlığın təmin edilməsinə böyük töhfə verəcək”.

Ekspert hesab edir ki, qiymət artımının bir sıra müsbət mültiplikativ effektləri olacaq.

“Aİ-92 markalı avtomobil benzini üzrə qiymət tənzimlənməsi ictimai nəqliyyatdan istifadəni stimullaşdıracaq. Digər tərəfdən yanacağa qənaət edən və elektrikli mühərriklə təchiz edilən avtomobillərə keçidi sürətlənəcək. Alternativ yanacaqdan istifadəyə tələbatın artması mövcud infrastrukturunun genişləndirilməsini və bu sektora əlavə investisiyaların cəlb olunmasını təmin edəcək. Məlum qiymət artımı eyni zamanda enerji tariflərinin mümkün olan ən aşağı səviyyədə saxlanılması və istehsal subyektlərinin ucuz enerji ilə təmin edilməsi istiqamətində hökümətin manevr imkanlarını xeyli artıracaq. Bu həmdə əlavə vergi daxilolmalarına gətirib çıxaracaq. Yaranan əlavə vəsait isə sosial yönümlü tədbirlərin və yeni təşviq proqramlarının maliyyələşməsinə yönələcək”, – A.Həsənli vurğulayıb.

Xatırladaq ki, hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Rusiyada orta hesabla manat, Ukraynada 1,72 manat, Belarusda 1,14 manat, Gürcüstanda 1,12 manat təşkil edir. Dizel yanacağının qiyməti isə 1 litr üçün Türkiyədə 1,44 manat, Rusiyada 1,12 manat, Ukraynada 1,72 manat, Belarusda 1,21 manat, Ermənistanda 1,19 manat/litr, Gürcüstanda 1,15 manat səviyyəsindədir.

Azərbaycanda dizel yanacağı üzrə sonuncu qiymət tənzimlənməsi 02.12.2013-cü il, Aİ-92 markalı benzin üzrə isə 14.07.2017-ci il tarixlərində aparılıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password