İlham Əliyevlə Paşinyanın mümkün görüşü: Bakı ermənilərə son şansı verəcək

 

Yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə erməni baş nazir Nikol Paşinyan arasında görüş keçiriləcək.

Bu iddia ilə Ermənistan mediası çıxış edir.

“Hraparak” qəzeti yazır ki, Moskvadan İrəvana nümayəndə heyəti gəlib və məqsəd 11 yanvar görüşünə hazırlıq aparmaq idi.

Əgər görüş olacaqsa, bu, Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük müharibədən sonra iki ölkə rəhbərinin ilk təması olacaq.

Əliyev masaya qalib, Paşinyan məğlub tərəf kimi əyləşəcək və diktə edən də Azərbaycan prezidenti olacaq.

Erməni şərhçi Leon Sarkisyan da deyir ki, Azərbaycan lideri Moskvada qalib kimi diktə edəcək.

L.Sarkisyanın irəli sürdüyü iddialar diqqət çəkir.

“Görüşün gündəliyi gizli olaraq qalır. Böyük ehtimalla Ermənistan Azərbaycanın hansısa böyük şərtini qəbul edəcək və bu, informasiya gecə yarısı, insanların yatdığı vaxt erməni ictimaiyyətinə açıqlanacaq. Ermənistanın gündəmini yenə də İlham Əliyev müəyyən edəcək”, – erməni şərhçi yazır.

Keçiriləcəyi iddia olunan görüşün gündəliyi nələr ola bilər?

1. Sərhədlərin delimitasiyası: Kəlbəcər, Zəngilan, Qubadlı və Laçın istiqamətində proses başa çatmaq üzrədir və görüşə (əgər bu, doğrudursa) qədər tamamlanacaq. Mümkündür ki, tərəflər Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndinin qaytarılmasını da müzakirə edəcək;

2. Naxçıvandan açılacaq iki dəhliz: Mehri və Azərbaycanın qərb rayonları ilə birləşəcək yol;

3. Ermənistanla kommunikasiyanın açılması;

4. Bakının təklif etdiyi, Ermənistanın da daxil olduğu “altılıq” platformasının qurulması;

Və ümumilikdə münaqişənin həllindən sonra bölgənin taleyi.

Lakin bütün bunlar üçün cari olaraq həll edilməsi vacib olan bir məsələ var: Qarabağdakı erməni silahlıların bölgədən çıxarılması;

– Bölgədəki silahlı qruplaşmalar Paşinyana tabe olmaqdan imtina edir. Prezident də Hulusi Akarla görüşdə bu haqda danışdı;

– Üçtərəfli razılaşmaya əsasən rus sülhməramlılar erməni silahlıları təmizləməlidir, müharibədən iki aya qədər vaxt keçməsinə baxmayaraq, hələ də bu olmayıb;

İlham Əliyev mümkün görüşdə əsas müzakirə mövzusuna bu məsələni çıxaracaq və böyük ehtimalla Qarabağda qalan erməni silahlı qruplaşmalarının taleyi də orada həll olunacaq: ya çıxarılacaqlar, ya da Azərbaycan genişçaplı anti-terror əməliyyatına başlayacaq.

Bunu ermənilərə də ruslara da veriləcək son şans hesab edə bilərik.

Mümkün görüşə qədər Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlayacağı ehtimalı da böyükdür. Prezident Akarı qəbul edərkən “Monitorinq Mərkəzi yaxın 10 günə – maksimum iki həftəyə hazır olacaqdır” deyə bildirdi. Bu, Moskvada Bakının əlini gücləndirəcək amil kimi vacibdir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password