Sünikin daha iki kəndi Azərbaycana verilir – Paşinyan adlarını açıqladı
“Sünik bölgəsində sərhədlərin müəyyənləşdirilməsi üçün işlərin aparıldığı barədə sizə məlumat verilib. Bu prosesin müəyyən nüansları və çətinlikləri var”.
Erməni mediası xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında bildirib.
O əlavə edib ki, sərhədlərin demarkasiyası və delimitasiyası barədə müxtəlif mülahizələr yürüdülə bilər. Amma bu proses Sünik vilayətinin təhlükəsizliyini gücləndirmək üçündür.
“Burada iki yaşayış məntəqəsi var: Vorotan və Şurnux kəndləri. Bu, bəzilərində müəyyən suallar yarada bilər, müəyyən ağrılı vəziyyətə səbəb ola bilər” deyən Baş naziri hər iki kəndin Azərbaycana qaytarılacağına eyham edib.
Paşinyan bunun ardınca bildirib ki, hökumət həmin kəndlərdə yaşayanları kompensasiya ilə təmin edəcək.
“Vətəndaşlarımızın maraqları tam qorunacaq. Eyni zamanda Ermənistanın beynəlxalq qanunlarla tanınmış sərhədlərindən 1 millimetr də olsun ərazi güzəştə gedilməyəcək. Bu proses sərhədlərin demarkasiyası və delimitasiyası kimi qəbul edilməməlidir. Burada məqsəd təhlükəsizlik məsələlərini həll etməkdir”, – deyə Baş nazir vurğulayıb.
Onun sözlərinə görə, 10 gün sözügedən kəndlərin sakinləri ilə söhbət aparmaq, proseslər haqqında onlara ətraflı məlumat vermək tapşırılıb.
Paşinyanın dediklərindən belə anlaşılır ki, yaxın günlərdə hər iki kənd Azərbaycana qaytarılacaq.
Erməni mediası isə baş nazirinin bu fikirlərini növbəti xəyanət kimi qiymətləndirir.