Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
AQTA-dan verilən məlumata görə, daxil olan məlumat əsasında Agentliyinin Ucar regional bölməsinin əməkdaşları tərəfindən 23 dekabr 2020-ci il tarixdə Ağcabədi rayonu, Boyat kəndində fəaliyyət göstərən Əliyev Yaşar Nizami oğluna məxsus və Ağcabədi rayonu, Hindarx qəsəbəsində fəaliyyət göstərən Rüstəmov Ramiz Baxşeyiş oğluna məxsus süd qəbulu və saçaqlı pendir istehsalı sahələrində monitorinqlər həyata keçirilib. Keçirilən monitorinqlər zamanı hər iki müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən, baytarlıq sanitariya və sanitar gigiyena qaydalarına əməl etmədiyi və heç bir texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadan fəaliyyət göstərdiyi aşkar olunub.
Qanunvericiliyin və texniki hüquqi normativ aktların tələblərinə uyğun olaraq emal sahələrinin fəaliyyəti məhdudlaşdırılıb. Hazırda araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.