İcra müddəti başa çatmış proqramlara vəsait ayrılmasın – Hesablama Palatası
Hesablama Palatası “Büdcə sistemi haqqında” qanunun “Büdcə qaydası” maddəsində əks olunan büdcə qaydasına uyğun hesablanan icmal büdcənin xərclərinin yuxarı həddi, xərclənə bilən neft gəlirləri, dövlətin və dövlət müəssisələrinin ortamüddətli dövrdə borcalma üzrə artım və məhdudlaşdırma hədəfləri, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbətinin ortamüddətli dövr üzrə hədəfləri barədə geniş məlumatların “Büdcə zərfi”nə daxil edilməsini və bununla bağlı sözügedən qanunun 12-ci maddəsinə müvafiq dəyişikliklərin olunmasını hökumətə tövsiyyə edib.
Bu barədə qurum “2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənəddə Hesablama Palatası həmçinin
– Nazirlər Kabinetinin dövlət büdcəsinin gəlirlərinin tədiyyə növləri səviyyəsində proqnozlaşdırılmasının üsullarını müəyyən edən 10.01.2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası”, eyni zamanda Maliyyə Nazirliyinin 10.05.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət gəlirlərinin proqnozlaşdırılması və modelləşdirilməsi metodologiyası” üzrə tətbqi edilən yanaşmaların “Büdcə zərfi”nə daxil edilməsini;
– Dövlət büdcəsindən ayrılması tələb olunan vəsaitin tədbirlər və hədəflərlə əlaqələndirilməsini, məqsədli proqramlar vasitəsilə maliyyələşmənin dövlət büdcəsində xüsusi çəkisinin artırılmasını, hər bir Proqram üzrə maliyyələşmə mənbələrinin (büdcə və qeyri-büdcə vəsaiti olmaqla) əks olunmasını, həmin Proqramlarda hər bir il üzrə müəyyən edilmiş tədbirlərin və onlar üzrə hədəflərin konkret əks etdirilməsini;
– Tələb olunan vəsaitlərin daha dəqiq proqnozlaşdırılmasına və icrası prosesinə nəzarət olunmasına, eyni zamanda dövrü olaraq aralıq qiymətləndirmələrin aparılmasına, son nəticədə vəsaitlərin səmərəli və qənaətli istifadəsinə imkan verən Dövlət proqramlarının ayrı-ayrı tədbirlər üzrə əldə edilməsi nəzərdə tutulan kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsini;
– Dövlət büdcəsinin layihəsində və dövlət büdcəsinin icrası barədə Hesabatlarda bütün Proqram və tədbirlərə ayrılan vəsaitlərin ayrıca göstərilməsini və icra müddəti başa çatmış Proqramlara dövlət büdcəsindən vəsaitlərin ayrılmamasını;
– Büdcə vergi siyasəti üzrə fəaliyyətlərinin nəticəliyinin qiymətləndirilməsinə xidmət edən hədəf göstəricilərin (indikatorların) “Büdcə zərfi”nə daxil edilmiş məlumatlarda göstərilməsini;
– Təkmil beynəlxalq iqtisadi modellərə, eyni zamanda milli gömrük sistemində formalaşmış təcrübəyə əsaslanaraq, həmçini səmərəli nəticələrin əldə olunması və büdcənin gəlir potensialının reallaşdırılması məqsədilə vergi orqanları xətti ilə dövlət büdcəsinə təmin olunan gəlirlər üzrə yaranan borcların yığılması çərçivəsində vergi orqanları tərəfindən siyahıya alınmış əmlakın borca yönəldilməsi ilə əlaqədar məhkəmə qərarlarının icrasının ədliyyə orqanlarının deyil, vergi orqanlarının səlahiyyətlərinə aid edilməsini;
– Büdcədən verilmiş kreditlər üzrə daxilolmaların son illərdə müşahidə edilən aşağı icra səviyyəsini və 2021-ci il üzrə proqnoz göstəricinin kifayət qədər iri məbləğdə proqnozlaşdırıldığını nəzərə alaraq bu mənbə üzrə müvafiq kredit və ssuda müqavilələrinin ödəniş qrafikləri üzrə hesablanmış məbləğlərin vaxtında və tam dövlət büdcəsinə köçürülməsini təmin edən müvafiq tədbirlərin davamlı olaraq həyata keçirilməsini;
– Dövlət vəsaitlərinin təyinatdan kənar istifadəsinə şərait yaradan halların məhdudlaşdırması, dövlət maliyyəsinin şəffaflıq və hesabatlılığının artırılması məqsədilə birdəfəlik təyinatlı xərclər anlayışının və istifadə istiqamətlərinin normativ-hüquqi aktlarda müəyyən edilməsini tövsiyyə edib.
Xatırladaq ki, rəy Hesablama Palatası Kollegiyasının 22 dekabr 2020-ci il tarixli qərarı ilə təsdiq olunub.