Vaksinlər hazır olan kimi koronavirusun daha betəri ortaya çıxdı

 

Dünyanın aparıcı əczaçılıq şirkətləri bir ilə yaxın davam edən gərgin araşdırmalardan sonra koronavirusa qarşı vaksinlərini tətbiq etməyə hazırlaşırlar, lakin belə görünür ki, koronavirus onları qabaqlayır. Çünki Böyük Britaniyada koronavirusun əvvəlkindən az qala iki dəfə sürətlə yayılan yeni forması yayılmaqdadır.

İndi Pfizer Inc və Moderna Inc özlərinin COVID-19 vaksinlərini virusun yeni, sürətlə yayılan formasına qarşı sınaqdan keçirirlər Almaniyanın BioNTech şirkətinin rəhbəri isə koronavirus vaksininin virusun Britaniyada yayılan yeni formasına da təsir göstərəcəyindən əmindir, amma tamamilə əmin olmaq üçün əlavə araşdırmalar aparılmalıdır. Bu haqda “Assosiated Press” yazır.

Son həftələr əsasən Londonda və İngiltərənin cənub-şərqində aşkarlanan virus forması sürətlə yayıldığına görə dünyada narahatlığa səbəb olub. Onun daha ağır xəstəlik törətməsinə sübut olmasa da, Avropada və digər yerlərdə xeyli ölkələr Britaniyadan səyahətləri dayandırıb.

“Hazırda vaksinimizin yeni varianta qarşı qoruma təmin etdiyini bilmirik. Amma elmi baxımdan, bu vaksinin yaratdığı immun reaksiyası virusun digər variantlarına qarşı da təsir göstərəcək”, – şirkətin türk əsilli rəhbəri Uğur Şahin deyib.

Onun sözlərinə görə, virusun Britaniya variantının proteinləri əvvəlki variantdakıyla 99 faiz eynidir və bu səbəbdən BioNTech vaksininin effektiv olacağına “elmi baxımdan əmindir”. Vaksinin yeni varianta uyğunlaşdırılmasına ehtiyac yaranarsa, şirkət bunu 6 həftə ərzində edə bilər. Şahin əlavə edib ki, nizamlayıcı orqanları dəyişiklikləri də təsdiqləməli olacaqlar.

Agentlik yazır ki, vaksinə dəyişiklik edilməsi peyvəndləmə kampaniyalarına zərbə vura bilər. Artıq pandemiya dünyada 1.7 milyondan çox insanın ölümünə səbəb olub. ABŞ-ın Pfizer şirkətilə birlikdə hazırlanmış bu vaksin Britaniya, ABŞ və AB daxil olmaqla 45-dən çox ölkədə istifadəyə təsdiqlənib. Yüzminlərlə insana dozalar vurulub.

CNN isə dekabrın 22-də məlumat yayıb ki,Pfizer Inc və Moderna Inc özlərinin COVID-19 vaksinlərini virusun yeni, sürətlə yayılan formasına qarşı sınaqdan keçirirlər. Moderna öz vaksininin yaratdığı immunitetin virusun variantlarına qarşı qoruyacağını gözləyir və bunu təsdiqləmək üçün gələn həftələrdə daha çox sınaq həyata keçirəcək, şirkətdən CNN-ə belə deyiblər. Pfizer isə bəyan edib ki, peyvənd vurulmuş şəxslərdən yığılan qan nümunələrinin virusun yeni formasını necə neytrallaşdıra biləcəyini öyrənir.

Virusun yeni ştammının aşkarlanması dünyada 77.15 milyondan çox şəxsin yoluxduğu pandemiya ilə bağlı yeni çaxnaşma dalğası yaradıb. Alimlərin fikrincə, təsdiqlənmiş, yaxud hazırlanmaqda olan vaksinlərin B.1.1.7 adlı yeni varianta qarşı qorumayacağına dəlil yoxdur.

Qeyd edək ki,Azərbaycan da koronavirusa qarşı peyvəndləmə kampaniyasına hazırlaşır. Prezident İlham Əliyev bu günlərdə MDB dövlət başçılarının videokonfrans rejimində keçirilmiş sammitində çıxışı zamanı kampaniyanın gələn ilin əvvəllərində başlaya biləcəyini deyib.Azərbaycanda hansı şirkətin vaksin pereparatının tətbiq ediləcəyinə dair qərar yoxdur,TƏBİB rəsmiləri Çin pereparatına üstünlük verilə biləcəyinə işarə ediblər.Bununla belə ötən gün məlum olmuşdu ki,Rusiya nümayəndə heyəti koronavirusa qarşı “Sputnik V”peyvəndinin Astra Zeneca şirkətinin hazırladığı peyvəndlə kombinasiyalı şəkildə klinik sınaqlardan keçirilməsini müzakirə etmək üçün Bakıya gəlir. Rusiya KİV-lərinin xəbərlərinə əsasən bu haqda“R-Farm”şirkətlər qrupunun direktoru Aleksey Repik bildirib./virtualaz.org/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password