Politoloq “Qafan düyünü”nə aydınlıq gətirdi

Elxan Şahinoğlu: “Orada olan ermənilərin Azərbaycan ordusunun ovcunun içində olması bizim problem deyil”
Ermənistan ordusunun Qafan ətrafındakı yüksəkliləri tərk etməsi İrəvanda qəzəb yaradıb və günlərdir davam edən, baş nazir Nikol Paşinyanın istefasına səsləyən etirazları daha da qızışdırıb. Aydındır ki, ərazilər Ermənistan-Azərbaycan-Rusiya arasında imzalanmış üçtərəfli razılaşmaya əsasən təhvil verilir. Bununla belə, bu təhvilvermə prosesi Ermənistanı çalxalamaqdadır.
Qafanın meri Gevorq Parsyan yerli mətbuata “Qafan və ətraf kəndlər təhlükə altındadır, Ermənistan Müdafiə Nazirliyindən hərbçilərə sərəncam gəlib ki, ”əlverişli yüksəkliklərdən çəkilsinlər, onlar düşmənə verilir” deyib. Mer isterik çıxışına “belə çıxır ki, düşmən sərhədlərimizə yaxınlaşacaq və bizdən cəmi 1 kilometrlikdə, Qafan aeroportundan 200-300 metrdə yerləşəcək. Daha əvvəlki təhlükəsizlik zonası olmayacaq. Kəndlərimizin yolları blokadaya düşür” sözlərini də əlavə edib. Ermənistanın Sünik vilayətinin sakinləri Azərbaycanla sərhədin müdafiəsi ilə bağlı Ermənistan hakimiyyətindən izahat tələbi ilə Qafan aeroportuna gedən yolu bağlayıblar. Bununla belə, Qafanda baş verənlərlə bağlı bir neçə gün əvvəl Ermənistanın yüksək vəzifəli şəxsi açıqlama vermişdi ki, orada heyvandarlar 16-17 kilometr Azərbaycan tərəfə keçiblər, hətta o ərazilər üçün fermerlərə özəlləşmə sənədi verilib. Demişdi ki, bunu aydınlaşdırmaq lazımdır ki, Ermənistanın ərazisi olmayan torpaqları vətəndaşlara kim verib?
Sosial şəbəkələrdə erməni hərbçilərin Qafandakı mövqelərindən çəkilməsi əks olunan videolar da var. Niyə Qafandakı proses bütün Ermənistanı çalxalayıb?
 “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Qafan şəhərinin bir hissəsi Azərbaycan Ermənistan sərhədi ərazisindədir. Buna görə də həmin ərazilərdən ermənilərin çıxması tələb edilib: “Erməni əhalisi qanunsuz olaraq o ərazilərdə evlər tikib, yaşayıblar. Bu gün isə sərhədlər bərpa olunur, ona görə də tikdikləri evləri sökürlər. Eləcə də müdafiə istehkam qurğularını dağıdırlar. Kəlbəcərdə, Ağdamda və Laçında etdikləri kimi özlərindən sonra heç nə qoymaq istəmirlər. Buna səbəb Qafan şəhərinin bir hissəsinin Azərbaycanla dövlət sərhədi olacağıdır. Ermənistan işğal dövründə dövlət sərhədini qanunsuz irəli çəkərək, Qafan, Gorus kimi şəhərlərini sərhədyanı ərazidən uzaqlaşdırıb, eləcə də Zəngilan, Qubadlı və Laçın kəndlərini Ermənistanın ərazisinə daxil edib. Bu torpaqlar Azərbaycanın beynəlxalq sərhədləri daxilindədir”.
Politoloq bildirib ki, ermənilər son 28 ildə Qafan ərazisinə düşən hissələrdə ərazilərini Azərbaycan torpaqları hesabına genişləndirmişdilər: “İndi ki, işğala son qoyulub və sərhədlərin müəyyən olunması prosesi aparılır, ermənilər şoka düşürlər. İşğal faktına görə həmin hissələrdə sərhədlər qurulmamış qalmışdı. İndi ki, ortada Rusiya da var, sərhədlər müəyyən olunur, ermənilər səslərini qaldırsalar da, çox da güclü etiraz edə bilmirlər. İndi qorxuya düşüblər, çünki sərhəddimiz Zəngilan istiqamətində Qafana dirənir. Bu da onların öz problemidir. Bunlar Zəngilanın içindən yol çəkmişdilər o istiqamətə. Bu gün həmin yol da bizim ərazidə qalır, yəni Azərbaycanın beynəlxalq sərhədləri daxilindədir. Erməniləri özlərindən çıxaran odur ki, yüksəklikləri ki, təhvil verirlər, həmin yüksəkliklərdən Qafan şəhəri ovuc içindəki kimi görünür. Həmin ərazilər də bizimdir əslində. Sadəcə vaxtında Ermənistana verilib və onların orada şəhər salıb Azərbaycanın yaxınlıqdakı digər ərazilərinə də tamah salmalarının bu gün acısını çəkirlər. Həmin şəhəri bizim sərhəddimizə bitişik salınmasını biz ermənilərdən xahiş etməmişik. Orada olan ermənilərin Azərbaycan ordusunun ovcunun içində olması bizim problem deyil, biz dövlət sərhəddimizi bərpa edirik”.
Politoloq deyir ki, ermənilər öz ambisiyaların nə dərəcədə ziyanlı olduğunu nəhayət ki, anlamalıdırlar: “28 il Azərbaycan torpaqlarını işğal altında saxladılar, qazandıqları bugünkü durumlarıdır. Ermənistan bərbad vəziyyətdədir. Onlar heç zaman düşünməyiblər ki, Azərbaycan torpaqlarını geri qaytaracaqlar. Ona görə də orada şəhərlər, qəsəbələr salıblar, işğal dövründə orada əhalinin sayı artıb. Kəlbəcərdə də sərhəddi qabağa çəkib qızıl yatağını öz ərazilərində saxlamağa çalışdılar. Amma nə oldu? Azərbaycan Ordusunun qarşısında öz sərhədlərinə qədər çəkilməyə məcbur oldular. Bizim əsgərlər onların qoyduqları qapını götürüb bir kənara tulladılar. İndi də eyni prosesi Qafan istiqamətində aparmağa çalışırlar. Sovet dövründə müəyyənləşmiş  sərhəd var. Rusiya tərəfi də bunu gözəl bilir. Ermənistanın imzaladığı bəyanatda konkret olaraq göstərilir ki, torpaqlar Azərbaycana qaytarılır, sərhədlər bərqərar olunur. Erməniərin 28 ildir ki, işğala öyrəşiblər, sərhədin  olmamasına vərdiş ediblər. Amma bu gün məcbur qalıblar, çünki bəyanat imza atıblar və yerinə yetirmək məcburiyyətindədirlər. Bəyanatı yerinə yetirəndən sonra da, vəziyyətləri bir qədər də gərginləşəcək. Həmin torpaqlar Azərbaycanın beynəlxalq sərhədləri daxilindədir”.
Politoloq deyib ki, Qafan aeroportunun sərhədin 200-300 metrliyində olması ermənilərin problemidir: “Vaxtında ağılsızlıq edib aeroportu həmin ərazidə tikiblər. Sərhədin bir addımlığında aerport tikməkləri, o ərazilərdə evlər inşa etmələri göstərir ki, nə vaxtsa, Azərbaycan ərazilərini tərk etməyi düşünməyiblər. Prezident İlham Əliyev haqlı olaraq bu məsələni hər çıxışında vurğulayır. Uzun illər danışıq aparıldı, 5, daha sonra 7 rayonun Azərbaycana qaytarılması müzakiə edildi. Bu cür infrastruktur quran ölkə torpaqları bizə sülh, danışıq yolu ilə qaytarmayacaqdı. Savaş olmasaydı, Azərbaycan torpaqları qaytarılmayacaqdı, işğalda saxlanılacaqdı. İndi isə məcbur olub imza atdıqları bəyanata uyğun torpaqları boşaldır, çıxırlar. Düz Azərbaycan sərhəddinə dirənir aeroportları. Amma bu bizim problem deyil, bu Ermənistanın problemidir. Onlar nə zamansa sərhədləri daxilinə çəkilməyə məcbur ediləcəklərini düşünməyiblər. Bu gün də Ermənistanda bu məsələyə görə etiraz edənlər böyük yanlışlıq edir, çürük ambisiyaların nəticələrini görmək, qəbul etmək istəmirlər. Bu gün baş verənlər həm də Ermənsitandakı işğalçı qruplara çox gözəl tarixi dərsdir. Götürüb xəritəyə baxsınlar və sussunlar”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password