“Rüstəm Muradov geri çağırılsın…” – Sülhməramlıların komandanı ilə bağlı Rusiyaya müraciət ediləcək?
“Bakı Moskvadan Rüstəm Muradovun geri çağırılmasını tələb etməlidir”.
Bu sözləri açıqlamasında Qarabağdakı Rusiya sülhməramlı qüvvələrin komandanı, general-leytenant Rüstəm Muradovun keçmiş qondarma rejim rəhbəri Araik Arutyunyanla qucaqlaşaraq foto çəkdirməsinə münasibət bildirərkən politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Muradovun bu hərəkəti cinayətdə suçlanan şəxsi qorumağa, müdafiə etməyə hesablanıb:
“Sülhməramlılar prosesdə neytral mövqe tutmalıdır. Görünən isə odur ki, Rusiya sülhməramlı qüvvələrin komandanı, general-leytenant Rüstəm Muradovun fəaliyyəti antiazərbaycan mahiyyətlidir. Təəssüf ki, bu hal özünü açıq-aydın göstərir.
M. Əsədullazadə düşünür ki, R. Muradovla bağlı Bakı Moskvaya müraciət etməlidir:
“Məsələ ilə bağlı Bakı Moskvaya müraciət etməli, xatırlatmalıdır ki, sülhməramlılar qanundankənar əməllərə getməsinlər. Onlar qanundankənar əməllərini davam etdirəcəyi təqdirdə Azərbaycan həmin missiyanı qəbul etməyəcəyini elan etməlidir.
Bir sözlə, Rüstəm Muradovun həmin addımları sülhyaratma missiyasının tələblərinə cavab vermir. Azərbaycan onun dəyişdirilməsini Moskvadan tələb etməlidir”./sfera.az/