Azərbaycan əsgərləri bizə iki yol təklif etdi – Erməni əsgər
30 nəfərdən çox erməni silahlı Köhnə Tağlar və Çaylaqqala kəndləri ətrafından Azərbaycan hərbçilərinin müşayiəti altında Rusiya sülhməramlılarına təhvil verilib.
Bu barədə geri dönən erməni silahlılardan birinin qardaşı erməni mediasına müsahibəsində deyib.
“Təxminən 20 gün əvvəl bir qrup könüllü Qarabağın Hadrut bölgəsindəki Köhnə Tağlar və Çaylaqqala kəndləri yaxınlığındakı postlara yerləşdirilib. Azərbaycan Silahlı Qüvvələrinin srağagünkü hücumu nəticəsində bəziləri mühasirəyə alınıb”, – o söyləyib.
Erməni əsgərin qardaşı bildirib ki, döyüşlərdə bir neçə nəfər yaralanıb, lakin bəzilərinin aqibəti hələ məlum deyil.
“600-ə yaxın Azərbaycan əsgərinin erməni mövqelərinə hücum etdiyi məlum olub. Azərbaycan hərbçilərindən biri erməni əsgərlərinə yaxınlaşaraq, az sayda olduqlarını nəzərə alaraq, onları öldürmək istəmədiklərini bildirib və iki yol təklif edib: ya döyüş və öldürülmə, ya da erməni hərbçilərini rus sülhməramlılarına təhvil vermək”.
Saytın həmsöhbəti sosial şəbəkədə yayılan Azərbaycan Silahlı Qüvvələrinin erməni əsgərlərini müşayiət etdiyini əks etdirən videonun səhv yozulduğunu da söyləyib. Onun sözlərinə görə, bunlar əsirlər deyil, rus sülhməramlıları istiqamətində müşayiət olunan dəstədir.
Digər bir silahlı isə Azərbaycanın Köhnə Tağlar və Çaylaqqalanı nəzarətə götürməsinin detallarını danışıb. O bildirib ki, Azərbaycan Silahlı Qüvvələri onlara ərazini boşaltmaq üçün səhər saat 5:00-a qədər vaxt verib, əks halda hücum edəcəklərini deyib.
Onlar ərazini boşaltmadığı üçün səhər saat 5:00 radələrində Köhnə Tağlar və Çaylaqqala kəndləri yaxınlığında döyüş başlayıb.
Xatırladaq ki, bu antiterror əməliyyatını DTX icra edib.