Subsidiyaların verilməsindəki yeniliklər aqrar sektora nə vəd edir?
“Gələn ildən subsidiyaların verilməsində nəzərdə tutulan yeniliklər dövlətin aqrar sektora dəstəyinin daha da genişləndirilməsinə hesablanıb”.
Bunu açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.
Onun sözlərinə görə, tətbiq olunacaq yeniliklər fermerlərdən gələn təkliflər, aqrar sektorun ixrac potensialının artırılması, bu ildən qüvvəyə minmiş yeni subsidiya mexanizminin nəticələrinin ilkin təhlili əsasında müəyyən olunub: “Yeniliklərdən biri təkrar əkinlərə görə subsidiyaların verilməsi ilə bağlıdır. Aparılan təhlillər göstərir ki, fermerlərin əksəriyyəti öz torpaqlarında il ərzində yalnız bir dəfə əkin aparırlar. Lakin istər torpaqların xüsusiyyəti, istərsə təbii iqlim şəraiti əksər ərazilərdə il ərzində bəzi bitkilər üzrə iki dəfə əkin aparmağa imkan verir. Xüsusilə biçindən sonra təkrar əkinin aparılması ilə həm torpaq resurslarından səmərəli istifadə imkanları yaranır, həm məhsul istehsalı çoxalır, həm də fermerlərin gəlirləri artmış olar. Fermerlər bu ənənədən müxtəlif bitkilərin təkrar becərilməsi üçün istifadə edir. Bu yay mövsümündə təkrar qarğıdalı əkinlərinin aparılması üçün əlavə dövlət dəstəyi mexanizmi tətbiq olundu və öz effektini verdi. Təkrar qarğıdalı əkinlərinə görə fermerlərə hər hektar üçün 60 manat subsidiya ödənildi. Aqrar Subsidiya Şurası qeyd olunan amilləri nəzərə alaraq gələn ildən qarğıdalı ilə yanaşı, günəbaxan, soya, darı, yem üçün sorqo, kartof bitkiləri üzrə aparılacaq təkrar əkinlərə görə fermerlərə hər hektara 60 manat əkin subsidiyası verilməsi barədə qərar qəbul edib. Bu o deməkdir ki, fermer yayda biçindən sonra qeyd olunan bitkilərin əkinini həyata keçirərsə, hər hektara görə dövlətdən əlavə subsidiya alacaq”.
V.Hüseynov həmçinin bildirib ki, mövcud subsidiya mexanizmi ölkədə intensiv meyvə bağlarının salınmasını və torpaq resurslarından səmərəli istifadəni və yaxşılaşdırılmasını stimullaşdırır: “Aqrar Subsidiya Şurasının son qərarı həm də intensiv bağçılığın inkişafına hesablanıb. Gələn il ərzində Azərbaycanda ilk dəfə 6 növ bitki üzrə meyvə bağlarının salınması üçün birdəfəlik əkin subsidiyası veriləcək. Müəyyən olunan məbləğ bağların salınma xərclərinin xeyli hissəsini qarşılamağa imkan verir. Qərara əsasən, deqradasiya uğramış, bonitet balı aşağı olan ərazilərdə salınacaq nar və zeytun bağlarının hər hektarına görə dövlət tərəfindən fermerlərə müvafiq olaraq 5 000 və 4 900 manat birdəfəlik əkin subsidiyası veriləcək. Boş olan Meşə Fondu torpaqlarında, dağlıq və dağətəyi ərazilərdə salınan fındıq bağlarına görə hər hektara 4 400 manat birdəfəlik əkin subsidiyasının verilməsi nəzərdə tutulur. Sitrus bitkilərinin (limon, portağal, naringi) intensiv meyvə bağlarının salınması üçün də bu subsidiya nəzərdə tutulub. Bu qərar münbitlik dərəcəsi aşağı olan torpaqların yaxşılaşdırılmasına, torpaqlardan səmərəli istifadəyə, həmin ərazilərin yenidən aktiv əkin dövriyyəsinə daxil edilməsinə, ixrac potensialı yüksək meyvə məhsullarının istehsalının artırılmasına hesablanıb. Qeyd olunan meyvələr kənd təsərrüfatı məhsullarının ixracında mühüm yerləri tutur, eyni zamanda emal üçün daha uyğundur. Onların istehsalının genişləndirilməsi fermerlərin gəlirlərinin artmasını təmin edəcək”.
Nazirlik rəsmisinin sözlərinə görə, fındıq bitkisi üzrə dövlət dəstəyi göstəriklən rayonlarının sayının artırılması, intensiv və yarıintensiv gərzəkli və digər meyvə bağları üzrə əkin subsidiyasının eyniləşdirilməsi fermerlərdən, assosiasiyalardan gələn təkliflərə əsasən qəbul edilib və qəbul edilən bütün yeniliklər gələcəkdə ölkədə meyvəçiliyin və ümumilikdə kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.