“Minsk qrupu artıq fəaliyyətini başa çatdırıb,görəcəyi heç bir iş yoxdur” – Deputat
ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərindən sonra bu qurumun fəaliyyəti yenidən müzakirə predmetinə çevrilib. Çoxillik fəaliyyətsizliyi ilə yadda qalan həmsədrlərin yenidən aktivləşməsi birmənalı qarşılanmayıb. Müşahidəçilərin bir qismi qurumun fəaliyyətinin tamamilə dayandırılmasının vacibliyini vurğulayarkən, digər kəsim Rusiya sülhməramlılarının yerinə Qarabağdakı vəziyyətin tənzimlənməsinin Minsk qrupuna həvalə edilməli olduğunu təklif edir.
Sözügedən məsələ ətrafında danışan Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa hər iki təklifin bir qədər qəribə səsləndiyini, lakin Minsk qrupunun fəaliyyətinin sonlandırılması ilə razılaşdığını diqqətə çatdırıb:
“Minsk qrupu artıq fəaliyyətini başa çatdırıb. Onun görəcəyi heç bir iş yoxdur. Ölkə prezidenti də haqlı olaraq ona iradlarını bildirdi. Minsk qrupu o vəziyyətdədir ki, hətta Araik Arutyunyan kimi bir quldur da onu qəbul etmək istəmir. Nəticədə görünən odur ki, Minsk qrupunun hansısa bir fəaliyyət göstərməsi üçün platforma yoxdur”.
Millət vəkili ikinci yanaşmanın isə tamamilə absurd olduğunu vurğulayıb:
“Çünki hələlik imzalanan bəyanatın bəndlərinin addım-addım irəliləməsinə nail olmağa çalışırıq və indiki məqamda bütün bu qurulan konstruksiyanı söküb dağıtmağın bizə nə faydasının olacağını düşünməliyik. Doğrudan da, bu, bir az düşündürücü məsələdir. Hesab etmirəm ki, hazırkı vəziyyətdə Rusiya ilə hələ bu məsələləri müzakirə etmədən, müəyyən bir anlaşma yaratmadan hansısa bir şəkildə konfliktə getmək bizim işimizin xeyrinə ola bilər. Ona görə də Minsk qrupunun fəaliyyətinin əhəmiyyətsiz olması fikri ilə razıyam, ikinci isə hələ ki yerində olmayan təklifdir. Çünki biz axıra qədər cəhd etməliyik ki, bu imzalanan bəyanatın bütün maddələri həyata keçsin, xüsusilə də Naxçıvanla yolun açılmasını təmin etməliyik”.