“Rusiya Qarabağa erməniləri qorumağa gəlib” – Deputat

“Rusiya əsgərlərinin Qarabağa girməsini “sülhməramlı” adlandırmaq doğru deyildir. Birincisi, sülhməramlı missiyalar hansısa beynəlxalq təşkilatın (məs. BMT, ATƏT və s.) qərarı əsasında verilmiş mandata görə olur. Sülhməramlı missiya bir qayda olaraq bir neçə dövlətə tapşırılır”.

Bunu millət vəkili Erkin Qədirli deyib. O bildirib ki, bu missiya bir dövlətə də tapşırıla bilər, amma bu, çox nadir hallarda olur:

“İkincisi, mandatda sülhməramlı missiyanı icra edənlərin səlahiyyətləri və məsuliyyətləri, eləcə də dəqiq ərazisi göstərilir. Missiyanı icra edənlərin özləri hansısa dəyişikliyi edə bilməzlər. Üçüncüsü, sülhməramlı missiyanı icra edənlər onlara bu missiyanı tapşıran beynəlxalq təşkilat qarşısında hesabatlı olurlar. Rusiyanın gerçəkləşdirdiyi hərbi əməliyyat bu meyarların heç birisinə cavab vermir. Rusiyanın özünü sülhməramlı adlandırması da heç nəyi dəyişmir”.

Deputat Rusiya əsgərlərinin Qarabağa girməsini “qoruyucu dövlət” anlayışı çərçivəsində anlamağa çalışmağın daha doğru olduğunu qeyd etdiyi yazısından da söz açıb:

“O yazıya gəlmiş şərhlərin bir neçəsində Rusiya əsgərlərinin Qarabağa girməsinə haqq qazandırmaq cəhdi kimi yozanlar oldu. Yazımı o cür yozanların təməl gümanları yanlışdır. Tam əksinə, mən Rusiya əsgərlərinin Qarabağa girməsinə qarşıyam. Ümumiyyətlə, Rusiyanın torpaqlarımızda hər hansı hərbi varlığını ölkəmizin müstəqilliyinə təhlükə sayıram. Çeşidli yazılarımda bunu dəfələrlə bildirmişəm. Hələ ReAl-ın bununla bağlı bəyanatını demirəm. Bunun fonunda məni Rusiyanın etdiklərinə haqq qazandıran birisi kimi qələmə vermək cəhdlərini ən azından qərəzli sayıram. Ola bilsin ki, “qoruyucu dövlət” ifadəsi kiməsə müsbət göründü, ya da mənim ona sözügedən kontekstdə müsbət yanaşdığımı güman edənlər oldu. Bu da yanlış yanaşmadır. Ötən yazımda izah etməyə çalışmışdım. “Qoruyucu dövlət” (Protecting Power) bir beynəlxalq hüquq terminidir, iki kontekstdə işlədilir. Sülh kontekstində – diplomatik əlaqələri olmayan dövlətlərin bir-birilə münasibətlərdə maraqlarının üçüncü dövlət tərəfindən təmsilçiliyi (Vyana Konvensiyası). Müharibə kontekstində – savaşan dövlətlərin neytral bir dövlətə müraciəti əsasında beynəlxalq humanitar hüquqdan doğan görəvlərin üçüncü dövlət tərəfindən yerinə yetirilməsi (Cenevrə Konvensiyaları). Birinci konteksti bundan öncəki yazımda sözgəlişi izah etməyə çalışdım. Rusiyanın bu kontekstə aidiyyatı yoxdur. İkinci kontekst müharibə olduğuna görə, uyğun ola bilərdi, amma Rusiya buraya da uyğun gəlmir”.

Siyasətçi vurğulayıb ki, Rusiya neytral dövlət deyil, düşmənimizin hərbi müttəfiqidir:

“Beynəlxalq hüquqa görə ancaq neytral dövlət qoruyucu ola (sayıla) bilər. İkincisi, nə Ermənistan Rusiyaya qoruyucu dövlət olmaqla bağlı müraciət edib, nə Azərbaycan. Belə müraciətlər Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə edilir. Çox zaman Beynəlxalq Qırmızı Xaç Komitəsinin özü qoruyucu dövlətin görəvlərini yerini yetirir. Beləliklə, bu iki meyar Rusiyanın qoruyucu dövlət sayılmaması üçün yetərli əsas verir. Bununla belə, Rusiya faktiki olaraq qoruyucu dövlətdir, amma Cenevrə Konvensiyalarının anlamında deyil, bir məcaz kimi… Rusiya buraya erməniləri qorumağa gəlib. Bunu daha öncədən da anlamaq olardı. İndi isə Rusiyanın etdiklərindən aydın görmək olur. Bu gün Rusiya SSRİ-nin son illərində Qarabağda yaradılmış və bizim əleyhimizə işləmiş “xüsusi idarəetmə”nin oxşarını qurur”./yenisabah.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password