Rus əsgərləri erməniləri cəzalandırmasa… – Mixaylov
Azərbaycan hərbçilərinin Hadrutda atəşə tutulması və bunun acınacaqlı nəticələri sülhün hələ çox uzaqda olduğunun göstəricisidir.
Bunu açıqlamasında beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov deyib.
“Mən Qarabağ müharibəsinin sona çatmasına dair razılaşmanın imzalanmasından sonra təxribatların olub-olmayacağı ilə bağlı suala cavab olaraq bunun baş verəcəyini hesab etdiyimi bildirirdim və yanılmamışam. Üstəlik, təxribatların erməni tərəfdən gələcəyini də qeyd etmişdim, elə də oldu. Heç kimə sirr deyil ki, Azərbaycan təxribatlarda maraqlı deyil və buna əl atmayacaq, çünki qalibdir və atəşkəsin bütün şərtlərinə əməl edir. Üstəlik, Bakıdakı hərbçilər, rus sülhməramlıları ilə tamamilə qarşılıqlı əlaqədə olaraq, atəşkəs şərtlərinə riayət etməkdə onlara kömək edirlər. Rəsmi Moskva açıq şəkildə onların (sülhməramlılar — red.) qarşısına meşələrdə qalan və İrəvanın nəzarəti altında olan silahlıların izinə düşmək vəzifəsini qoyub”, – ekspert bildirib.
Mixaylovun fikrincə, “böyük qədim xalqın” itkin düşmüş, yazıq “döyüşçüləri”nin İrəvana heç bir şəkildə yol tapa bilməməyi və rus sülhməramlılarından kömək dilənməyi barədə yazılanları oxumaq gülünc idi:
“Bu, hər şeydən öncə, Ermənistanda yerli və ya muzdlu hərbi qüvvələrini idarə edə bilməyən xaos haqqında çox şey deyir. Düşünürəm ki, rus sülhməramlıları verilən tapşırıqları yerinə yetirərək “itkinlərin” evlərinə qayıtmasına kömək edəcək və müharibə dövrünün qanunlarına görə itaət etməyənləri qanun qarşısına çıxaracaq”.
Mütəxəssis onu da əlavə edib ki, Azərbaycanın genişmiqyaslı antiterror əməliyyatı barədə danışmaq hələ tezdir: “Quldur birləşmələrini ləğv etmək üçün sülhməramlılarla razılaşdırılmış tədbirlərin görülməsi ilə razılaşa bilərəm, amma rus hərbçilərinin nəzarət zonasında fərdi hərbi əməliyyatların baş tutması ehtimalı azdır”.