Ermənistandan Ərdoğanın təklifinə ŞOK CAVAB: ancaq erməni ordusu ilə…
Ermənistan Türkiyə və Azərbaycanla diplomatik əlaqələrin inkişafından yalnız bir halda faydalana biləcək: dünyanın ən hərbiləşdirilmiş ölkəsinə çevriləndə.
Bunu erməni türkoloq Mqer Abraamyan deyib.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təklif edilən “Altılıq” platformasına münasibət bildirib: “Ermənistan “Altılıq” təşəbbüsünə qoşulmamalıdır. Ərdoğan təşəbbüs çərçivəsində Ermənistanın əməkdaşlığının İrəvan üçün faydalı olacağını, Türkiyə ilə Ermənistan arasındakı münasibətlərdə yeni bir səhifə açacağını bildirdi. Bu açıqlamadan əvvəl isə Ərdoğan Bakıda keçirilən hərbi paradda ermənilərin kəşfiyyat məlumatları toplamalı olduğunu, 1915 və 1920-ci ildə Qarabağ və Azərbaycandakı hadisələrdə birbaşa iştirak edən bir neçə şəxsin adını çəkdi. Ermənistanın Türkiyə və Azərbaycanla diplomatik əlaqələrin inkişafından faydalana biləcəyi yalnız bir vəziyyət var. Bu da inkişaf etmiş erməni ordusudur. Ermənistan indiki təhlükəsizlik sistemi ilə bu platformaya girməyə hazır deyil. Ermənistan qorxmamalı və dünyanın ən hərbiləşdirilmiş ölkəsinə çevrilməlidir. O zaman Türkiyə və Azərbaycan ilə diplomatik münasibətləri inkişaf etdirməyi düşünə bilərsiniz”.
Türkoloq onu da qeyd edib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan Ermənistan bundan ciddi fayda götürməyib. Ermənistan üçün faydalı olan yeganə ittifaq Avrasiya İqtisadi Birliyidir.
Qeyd edək ki, “Altılıq” platformasında Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistanın yer alması təklif edilir.
Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan dekabrın 10-da Bakıda keçirilən paradda türk sərkərdələri Ənvər və Nuru Paşanın adlarını çəkmişdi./publika.az/