“Ermənilər qondarma qurumu yenidən üzə çıxarmaq, status məsələsinə qayıtmaq istəyirlər” – Deputat
ATƏT-in Minsk qrupunun həmsədrlərinin Zəfər paradından 2 gün sonra Azərbaycana səfər etməsi təsadüfi deyil. Cənab prezident sadəcə olaraq gəldiklərinə görə onlara görüş üçün razılığını bildirdi. Əsas məsələ ondan ibarətdir ki, 27 il ərzində onlar deklorativ bəyanatdan başqa hər hansı bir ciddi iş görməyiblər. Status-kvonun qorunub saxlanılmasında maraqlı olublar, Tovuz, Bərdə, Gəncə və digər ərazilərimizdə erməni təxribatları zamanı hər hansı monitorinq keçirmədilər. Əsas məsələ ondan ibarətdir ki, cənab prezidentin qeyd etdiyi kimi bu gün təmas xətti yoxdur. Artıq Dağlıq Qarabağ münaqişəsi deyilən məfhum qalmayıb.
Bunu Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, həmsədr dövlətlər bundan sonra Azərbaycanın istədiyi kimi dinc quruculuq işlərində vasitəçi olacaqlarsa, infrastrukturun yenidən tərtib olunmasında iştirak edəcəklərsə, bu, problem olmaz:
“Əks halda onların Azərbaycanda hər hansı funksiyanı yerinə yetirməsi məqsədə müvafiq deyil. Ermənilər çalışır ki, bu format qorunub qalsın. Onlar diplomatik kanallarla, məhz ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəsilə qondarma qurumu yenidən üzə çıxarmaq, status məsələsinə qayıtmaq istəyirlər. Məlumdur ki, hər hansı statusdan söhbət gedə bilməz.
Ermənilərin Dağlıq Qarabağ ərazisində qalan tör-töküntü qüvvələrinin törətdiyi terror hadisələri, son günlər təxribat cəhdləri ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən diqqətdə olmalıdır. BMT-nin qətnamələri Azərbaycan tərəfindən hərbi yolla yerinə yetirilibsə, ATƏT-in Minsk qrupunun həmsədrləri nəyə lazımdır?”
Arzu Nağıyev bildirib ki, qarşıdakı günlərdə ATƏT-in Minsk qrupu ilə bağlı formatın dəyişdirilməsi məsələsi gündəmə gələ bilər: “Çünki ATƏT-in Minsk qrupu 11 dövlətdən ibarətdir. Orada Türkiyənin təmsilçiliyi də var. Düşünürəm ki, bu, çox mühüm görüşdür. Bu görüş Azərbaycan Prezidentinin qətiyyətindən xəbər verir. Azərbaycan Prezidenti öz çıxışında da qeyd etdi ki, bu qələbəni Azərbaycan Ali Baş Komandanı, Azərbaycan Ordusu və xalqımızın vəhdəti hesabına, eyni zamanda şəhidlərimizin, qazilərimizin qanı-canı bahasına əldə etmişik. Bu, çox mühüm məsələdir və ATƏT bunların hamısını nəzərə almalıdır.
Əgər erməni əhalisi Azərbaycan Respublikasının Konstitusiyasını qəbul edirsə, filtirasiya tədbirlərindən sonra digər məsələlərdə onların hər hansı rolu olmayıbsa, Qarabağda yaşaya bilərlər. Əks halda Azərbaycan ərazisini tərk etməlidirlər”. /teleqraf.com/