Namiq Zeynalov barəsində həbs qətimkan tədbiri seçildi
Səbail Rayon Məhkəməsində Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İstintaq orqanının təqdimatına hakim Azər Tağıyevin sədrliyi ilə baxılıb və təmin edilib.
Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də Namiq Rəsul oğlu Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
Dekabrın 7-də hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirilib, vəzifəli şəxslər həbs edilib.
Bu arada Namiq Zeynalova irəli sürülən ittihamlar məlum olub.
Məlumata görə, o, külli miqdarda mənimsəmə və külli miqdarda rüşvət almaqda təqsirləndirilir.
Ona Cinayət Məcəlləsinin 179.2.2, (mənimsəmə və ya israf etmə təkrar törədildikdə), 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığ) maddələri ilə ittiham verilib.