Şuşa ətrafındakı döyüşlərdə ağır yaralanmış əsgər anası çıxılmaz durumda – MÜRACİƏT
Yevlax şəhəri, İnşaatçılar küçəsi, ev 7-də qeydiyyatda olan və Bakı ş., Nərimanov rayonu, Əliyar Əliyev küç.ev 19/3, mən.42 –də yaşayan qazı əsgər anası Kərimova Aygün Rafiq qızı tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, I Vitse-prezident Mehriban xanım Əliyevaya,Baş naziri Əli Əsədova,Prezident Adminstrasiyasının rəhbərı Samir Nuriyevə, Dövlət Təhlükəsizlik Xidməti rəisi Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənova,Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Ombudsman Aparatının rəhbərinə və Kütləvi İnformasiya Vasitələrinə 2 dəfə ağır yaralanmış oğlu Amilin azacıq sağalmamış MN-nin Mərkəzi Hospitalından çıxarılması barədə müraciət ünvanlanıb.
Aktualinfo.org vətəndaş Aygün Kərimovanın ölkə başçısına və digər səlahiyyətli qurumlara ünvanladığı müraciəti olduğu kimi oxuculara təqdim edir.O,yazır:
Oğlum Məmmədov Amil Habil oğlu hərbi xidmətini yerinə yetirərkən sentyabrın 28-dən Fizuli istiqamətində döyüş zonasına göndərilmişdir. Oktyabrın 7-də növbəti döyüşlərdə 1-ci dəfə yaralanmışdır. 10 gündən sonra onu sağaldıb yenidən cəbhəyə göndərmişlər. Lakin noyabrın 3-də Şuşa istiqamətində gedən döyüşlər zamanı bütün bədənin çoxsaylı qəlpələrilə ağır yaralanmışdır. 10 gün Yevlax Hospitalında yatdıqdan sonra Bakıdakı MN-nin Mərkəzi Klinik Hospitalına gətirmişlər. Birinci əməliyyat zamanı bədənindəki qəlpələrin bir hissəsi çıxarılmışdır. Hazırda hər iki ayaqları gipsə qoyulduğundan yataq xəstəsidir. Hər iki ciyərlərində qalan digər qəlpələrin çıxarılması üçün həkimlər 2-ci əməliyyat qabağı ciddi rejimli müalicə yazmışlar. Lakin Hospitalın rəhbərliyi ağır yaralı oğlumu evdə müalicə olunması üçün çoxsaylı dərmanları resepdə yazıb onu sağalmadan zorla evə göndərmişlər. Hazırda Nərimanov rayonunda uçuq-salxaq, şəraiti olmayan evimizdə oğlumun müalicəsi üçün dərmanları almağa pulum olmsa da, insaflı qonşularımın yardımı ilə gündəlik yeməyi üçün pendir və çörək alıb yedirdirəm. Hələ çarpayıda oturmağa belə əziyyət çəkir. Özüm 1 aya yaxındır ki, işə də gedə bilmirəm ( xadimə işi) Mənim ailəmdə bir oğlumdan başqa kimsəm yoxdur. Mən onu uşaqlıqdan atasız min bir əziyyətlə böyütmüşəm. İndi Amil Mərkəzi Hospitaldan müalicəsi yarımçıq çıxarıldıqdan sonra çıxılmaz vəziyyətə düşmüşəm. Evdə də satmağa dəyəri olan bir əşyamız yoxdur.
Cənab Ali Baş Komandan çox təəssüflər olsun ki, Sizə yaralı əsgərlərimiz barədə yalan məlumatlar verirlər. Baxmayaraq ki, Siz şəxsən göstəriş vermisiniz ki, dövlət bütün yaralı əsgərlərimiz üçün lazım olan hər cür köməkliyi edəcəkdir. Amma oğlumun timsalında biz bunun əksini görürük. Deputatlarımız, ziyalılarımız, məmurlarımız öz övladlarını müharibəyə göndərməyərək ağızdolu danışırlar. Bu gün mən yataq xəstəsi olan yaralı oğlumun qarşısında çox aciz durumdayam. Sizdən çox xahiş edirəm ki, 2 dəfə ağır yaralanmış oğlumun müalicəsi olunması və nisbətən sağalması, ayağa qaxa bilməsi üçün Səhiyyə nazirinə, TƏBİB rəhbərinə göstəriş verəsiniz. Ki, mən qazi anası olaraq sabah oğluma dərmanlar almaq üçün qapılara düşməyim. Bu Azərbaycan əsgərinin sarsılması, onun döyüş ruhunun birdəfəlik sındırılması demək olardı. Xahiş edirəm nəzərə alasınız.
Aktualinfo.org