Ruslan Əliyev: “Münaqişənin başa çatması regional əlaqələrin inkişafına imkanlar açır”
“30 il davam etmiş Dağlıq Qarabağ münaqişəsinin başa çatması mənim və xalqımın həyatında, bütün regionun həyatında böyük bir hadisədir. Bununla məndə və milyonlarla həmvətənimdə haqq-ədalətə, gələcəyə inam hissi bərqərar oldu”.
Bunu Azərbaycan Respublikasının Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev Moskva şəhərində keçirilən “Azərbaycan-Rusiya: iqtisadi diplomatiya və tərəfdaşlıq strategiyası” adlı biznes forumda bildirib.
“Münaqişənin sona çatmasında başlıca rol Prezident İlham Əliyevin yüksək zəkası və dəmir iradəsinə, habelə Rusiya prezidenti Vladimir Putinin səmimi sülhməramlı və vasitəçilik səylərinə aiddir. Həmçinin Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğanın da töhfəsi ölçüyəgəlməzdir. Yeni vəziyyət çoxtərəfli regional əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır”, – deyən diplomat 2019-cu ildə Azərbaycanla Rusiya arasındakı ticarət dövriyyəsinin 18 faiz artaraq 3 milyard ABŞ dollarından çox olduğunu, Azərbaycanın xarici ticarət dövriyyəsində Rusiyanın 9 faizdən artıq paya malik olduğunu qeyd edib: “Ölkələrimiz arasındakı iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi Azərbaycanın ikitərəfli əlaqələrə malik Rusiya subyektlərini bu prosesə daha çox cəlb etməyi şərtləndirir”.
“Daha bir mühüm vəzifəmiz də “Made in Azerbaijan” brendini Azərbaycan Ticarət Evi vasitəsilə Rusiya bazarında daha geniş tanıtmaqdır. Bu layihə çərçivəsində Rusiyada Azərbaycan məhsullarını satan bir çox obyekt fəaliyyət göstərir. Daha çox səy göstərdiyimiz əlverişli sahələr arasında şərab ixracını artırmaq, meyvə-tərəvəz və s. kənd məhsullarının, habelə sənaye məhsullarının ixracını artırmaq üçün imkanları dəyərləndirərək fəaliyyət planı tətbiq etmək, Azərbaycanda birgə müəssisələr qurmaqdır”, – R.Əliyev fikrini tamamlayıb.