Qələbən daimi olsun, Azərbaycan!
Bəli, axır ki, 30 illik əsarət bitdi. Qarabağ torpaqları erməni terrorundan, erməni vandalizmindən xilas oldu. İllərlə tökülən şəhid və məzlum qanlarının intaqamı layiqli şəkildə düşməndən alındı. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan demişkən: “Qarabağda qazanılan zəfər Azərbaycana ana südü kimi halaldır”.
Məqamında onu da qeyd edim ki, Azərbaycanin nə indiki, nə də keçmiş tarixini səhifələsək, əminliklə bildirirəm ki, xalqımızın heç vaxt,heç bir dövlətin malında, mülkündə, torpağında gözü olmayıb. Buna heç lüzum da yoxdur. Tanrı Azərbaycanı zatən cənnət-məkan yaradıb. 11 iqlimin 9-u Azərbaycanda, neft, qaz bizdə, qızıl, pambıq bizdə, mineral sular, filiz, metal bizdə, kənd təsərrüfatı məhsulları, hər şey bizdə. Azərbaycanda yerin altı da, üstü də qızıldır. Daha bu ölkəyə nə lazımdır? Əksinə, tarix boyu digər ölkələrin gözü Azərbaycanda olub, onu işğal edib. Sərvətindən yararlanıblar. Amma artıq yetər. Cənab Rəcəb Tayyib Ərdoğan demişkən: «Oyun bitdi. Tarix boyunca bu ölkə ilə çox oyunlar qurdunuz. Bu film artıq bitdi. Daha heç kim və heç bir ölkə Azərbaycanın daxili işinə qarışıb ondan istifadə edə bilməyəcəklər. Torpaqlarında Məmmədəmin Rəsulzadə demişkən, bir kərə yüksələn bayraq bir daha enməyəcək. Həp dalğalanacaqdır. Bəli, artıq hər kəs öz yerini bilsin!».
Bəli, oyun da, film də bitdi. Azərbaycanın bu haqlı davasında Türkiyə, Pakistan, İsrail dövlətləri yanında oldu. Mən realistəm. Düz 26 ildir jurnalistikadayam və əsl jurnalistəm. Buna əsaslanaraq etiraf edim ki, bu qanlı savaşı Azərbaycan Ordusu, əsgəri öz canı, qanı bahasına qazansa da, əsas stimulu bizə bu qələbədə Türkiyə verdi. Çünki dünya arenasında Azərbaycan təklənmişdi. Bu işdə erməni lobbisi, diasporu xüsusi canfəşanlıq göstərirdi. Hətta bəzi qonşu dövlətlərə də sərf etmirdi ki, Qarabağ münaqişəsi öz həllini tapsın, Azərbaycana geri qaytarılsın. Çünki həmin ölkələr Qarabağda, xüsusilə Kəlbəcərin qızılından, filizindən, misindən, təbii sularından həm özləri ata malı kimi istifadə edib mənimsəyirdilər. Apardığım araşdırmalara əsasən qeyd edim ki, əgər Ermənistan bu günə kimi ayaqda durmağı bacarmışdırsa, bunun da səbəblərindən biri Kəlbəcərin qızılından, filizindən, misindən o ölkəyə müəyyən məbləğdə pul gedirdi. Ermənistan öz ehtiyaclarını Qarabağdan gedən pulların hesabına ödəyirdi. Amma haqq-ədalət bərpa olundu. Mərhum prezident, ulu öndər Heydər Əliyevin vəsiyyəti də öz yerini tapdı: «Mən əminəm ki, mənim başa çatdıra bilmədiyim Qarabağ problemini İlham Əliyev başa çatdıracaq…».
Bəli, ulu öndər, ruhunuzun artıq dinclik tapdığına mən həm bir jurnalist kimi, həm də bir Azərbaycan vətəndaşı kimi əminəm. Çünki son nisgiliniz Qarabağ münaqişəsi idi. Və arzulayırdınız ki, bu işi məhz oğlunuz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev başa çatdırsın. Bəli, elə də oldu. Sizin oğlunuz tək sizin yox, bütün Azərbaycanın ləyaqətli oğlu, lideri, atası, komandanı, tarix yazan sərkərdəsi tərəfindən bu münaqişə öz həllini tapdı. Və bu gün Azərbaycan qələbə paradına hazırlaşır.
Dekabrın 10-da Bakıda Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parad keçiriləcək.
Hazırda Qələbə paradının keçiriləcəyi Azadlıq Meydanında hazırlıq işləri davam etdirilir.
Hətta bu gün – dekabrın 8-də Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarə və helikopterlərin Bakı səmasında hazırlıq uçuşları həyata keçirildi. Eyni zamanda, hərbi parada şəxsi heyətin hazırlığı ilə əlaqədar məşqləri davam etdirilir.
Azadlıq meydanında keçiriləcək hərbi paradda 3 000 nəfərdən çox şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.
Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın edərək düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.
Tribunada Ali Baş Komandanımız cənab İlham Əliyevin yanında xaricdən dəvət olunmuş, bizim sevincimizi öz sevincləri kimi qəbul edən dostlarımızla, qonşu dövlət başçıları ilə yanaşı, Azərbaycanı bu qanlı savaşda bir an belə tək qoymayan Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan öz xanımı ilə iştirak edəcək. Hətta «siz bir millət, iki dövlət deyil, biz bir millət, üç dövlətik» deyən Pakistanın Baş naziri İmran Xan qələbə paradını Bakıda izləmək istədiyini dövlət başçımıza bəyan etmişdir.
Bəli, sayılı günlər qaldı möhtəşəm paradımıza. Gözün aydın, Azərbaycan! Qələbən daimi olsun! Yaşa, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev! Yaşa, Azərbaycan dövləti və dövlətçiliyi! Yaşa, Azərbaycan əsgəri və Azərbaycan Ordusu! Yaşa, Azərbaycan polisi! Daima var olun!
Sonda onu da qeyd edək ki, bu Vətən müharibəsində Azərbaycan xalqı bir yumruq kimi Ali Baş Komandanımız cənab İlham Əliyevin, eyni zamanda Azərbaycan əsgərinin, Azərbaycan Ordusunun, Azərbaycan polisinin yanında oldu. Bir yumruq kimi birləşərək əzmini, iradəsini, birliyini nümayiş etdirdi. Ali Baş Komandanımız cənab İlham Əliyev demişkən: «Biz birlikdə güclüyük!» Var olaq və birlikdə olaq!
Rövşanə Nağıyeva