Şuşa əməliyyatının detalları – Baqdasaryan açıqladı
Həm erməni, həm də rus mənbələri dezinformasiyadan istifadə edirdi. Şuşanı cəmi 600 erməni əsgər müdafiə etməyə çalışırdı. Qalanlar sonradan peyda oldu. Noyabrın 10-da atəşkəs elan ediləndə Xankəndi zirzəmilərində ən azı min erməni əsgərin gizləndiyi ortaya çıxdı.
Bu barədə erməni jurnalist Roman Baqdasaryan danışıb.
“Əgər zirzəmidə min sağlam kişi, bu qədər disapor nümayəndəsi varsa, niyə kömək istəyirsən” deyə ritorik sual ünvanlayan jurnalist Ermənistanın tamahkarlığından və qorxaqlığından bəhs edib:
“Cəbhə üçün nəzərdə tutulan əşyalar anbarlarda qalırdı, çünki ermənilər döyüş bölgəsinə getməyə qorxurdular. Belə hallar çox olub. Qarabağın özündə heç kim Şuşanı qorumaq istəmirdi. “Dqr”in sabiq rəhbərlərindən heç biri Şuşanı müdafiə etməyə çağırış etməyib – Nə Arkadi Qukasyan, nə Bako Saakyan… Bu insanların Qarabağla maraqlanmamağının səbəbi Rusiyadakı mülkləri və sərvətləri ilə bağlıdır”.
Baqdasaryan, həmçinin Şuşa əməliyyatından söz açıb:
“Şuşaya ilk olaraq altı-səkkiz Azərbaycan snayperi, onların arxasınca isə xüsusi təyinatlılar daxil olublar. Azərbaycanlı xüsusi təyinatlılar Şoş kəndi tərəfdən qayalarla dırmaşıblar”.
Onun sözlərinə görə, Ermənistan tərəfi indi də dezinformasiyadan istifadə etməyə davam edir:
“İndi yazırlar ki, guya Şuşada altı minə yaxın insan yaşayırdı. Rəqəm, ehtimal ki, daha çox pul almaq üçün şişirdilir. Ancaq məlumdur ki, İkinci Qarabağ müharibəsinə qədər Şuşanın əhalisi üç min nəfərdən çox olmamışdı. 28 il ərzində Şuşa ermənilər üçün yad, ölü şəhər idi, orada bir dənə də müəssisə açılmamışdı”.
Baqdasaryanın fikrincə, Şuşanın itirilməsinin əsas səbəbi erməni tacirlərinin gizli yolu olub:
“Hamı Azərbaycan texnikasının Şuşadan qayıtmasını əks etdirən kadrları görüb. Bu o deməkdir ki, texnika daha əvvəl Şuşaya gətirilmişdi. Texnika Xankəndidən keçməmişdi, Laçından da keçməmişdi. Sən demə, ermənilər Cəhənnəm dərəsindən Şuşaya qədər yol çəkmişdilər. Erməni tacirlər o yolu çirkin məqsədlərlə çəkmişdilər ki, meşələri qırsınlar, ağacları kəsib, Ermənistan tərəfinə satsınlar. Azərbaycan texnikası Şuşaya o yolla daxil olub”. (axar.az)