“Paşinyan devrilməsə,Rusiya üçün problemə çevriləcək”

44 günlük savaşda Azərbaycana məğlub olan Ermənistanın təbliğat maşını son günlər Azərbaycan əleyhinə yeni bir kampaniyaya başlayıb. Rusiyanın onları meydanda tək buraxdıqlarını iddia edir və xüsusən də xristian amilini qabardaraq, digər ölkələrdən dəstək istəyirlər.

Bəs, Ermənistanın bu iddiaları nə dərəcədə əsaslıdır?

Bu haqda sualları cavablandıran Ədalət Partiyasının sədrinin müavini, “Strateq.az” saytının baş redaktoru Elxan Şükürlü isə hesab edir ki, ermənilərin bu iddiaları əsassızdır, çünki müharibəyə ilk olaraq məhz Ermənistan tərəfi, Paşinyan hökuməti başlayıb:

“Bu savaşın ilk səbəbi Ermənistanın işğalçı siyasəti, ərazilərimizdəki terrorçu-separatçı hərəkatı dəstəkləməsidir. Paşinyan verdiyi vədlərin əleyhinə olaraq, özündən əvvəlki hakimiyyətlərin işğal etdiyi ərazilərimizi hüquqi baxımdan da özününküləşdirmək istəyirdi və bu səbəbdən açıq şəkildə danışıqların formatını, əvvəllər razılaşdırılmış prinsipləri pozmaq xətti seçmişdi və xüsusən də son 1 ildə bizi aşkar şəkildə hərbi əməliyytlara başlamağa təhrik edirdi. Onlar savaş istəyirdilər, onu da aldılar. Ancaq nəticənin bu cür olacağını isə qətiyyən gözləmirdilər”.

E.Şükürlü hesab edir ki, Paşinyanın komandası savaşa başlamaqla, çox arxayın şəkildə iki məqsədə nail olacaqlarını gözləyirdilər: “Birincisi, onlarda olan kəşfiyyat məlumatlarına əsasən, hesab edirdilər ki, Azərbaycan Ordusu uzunmüddətli deyil, qısamüddətli – maksimum, 7-10 günlük hərbi əməliyyatlara üstünlük verəcək və bu zaman isə onların uzun illər ərzində, xüsusən də 2016-cı ilin aprelindən sonra daha da möhkəmləndirdikləri, silah-sursat sarıdan yetərincə təchiz etdikləri müdafiə xətlərini yara bilməyəcək, çoxsaylı itkilər verərək geri çəkiləcək və bu, Azərbaycanın içərisində qarışıqlıq yaradacaq, nəticədə isə ya hakimiyyət dəyişəcək, ya da mövcud hakimiyyət Ermənistanın istədiyi şərtlərlə sülh sazişi imzalamağa məcbur qalacaq. İndi üzə çıxır ki, Ermənistan və onu himayə edən güclər bu ssenarinin həyata keçməsi üçün ciddi şəkildə hazırlıq da aparırmışlar…

İkinci məqsəd isə o idi ki, Qərbdən idarə olunan Paşinyan Ermənistanı savaşa başlamaqla həm də Rusiya ilə münasibətlərinə birdəfəlik aydınlıq gətirmək və xüsusən də son vaxtlar ilıqlaşan Rusiya-Türkiyə əməkdaşlığını, Ərdoğan-Putin münasibətlərini pozmaq istəyirdi.

Təsadüfi deyil ki, Ermənistan Ordusu ilkin olaraq iyul ayında məhz Rusiya üçün həssas olan “Gəncə dəhlizi” istiqamətində – Tovuzdan hərbi əməliyyatlara başlamaq istəyirdi. Bir növ, Rusiya KTMT öhdəlikləri çərçivəsində Ermənistanı müdafiə etməsi üçün fakt qarşısında qoyulurdu. Ancaq Azərbaycan tərəfi düşmənin bu planlarını vaxtında görə bildi və əks-hücum əməliyyatının vaxt və yerini də düşmənin gözlədiyi yox, gözləmədiyi vaxt və yönlərdə seçdi”.

E.Şükürlünün fikrincə, bundan sonra əsas hadisələr Ermənistanın öz içərisində davam edəcək: “Ermənistanı KTMT-dən çıxarıb Qərbə yaxınlaşdırmaq kursu seçən Paşinyan indi məğlubiyyətini nə qədər Rusiyanın kömək etməməsinin və erməni xalqının vuruşmaq istəməməsinin ayağına yazsa da, erməni cəmiyyəti bu məğlubiyyətə məhz Paşinyanın axmaq siyasətinin səbəb olduğunu çox gözəl anlayır.

Mənim gözləntim odur ki, çox tezliklə Paşinyan Ermənistandakı Rusiyayönümlü qüvvələr tərəfindən istefaya göndəriləcək, yerində Rusiyayönümlü Manukyanın başçılığı ilə müvəqqəti hökumət qurulacaq və o hökumətin keçirdiyi seçkidə də, böyük ehtimalla, ortaq fiqur kimi, “Vətən” partiyasının sədri Artur Vanetsiyan Ermənistanın yeni baş naziri seçiləcək. Yeni Baş nazir isə əldə olunmuş atəşkəs razılaşmasını sülh sazişinə çevirməyə və bölgədə qurulmaqda olan Rusiya-Türkiyə- Azərbaycan əməkdaşlığında iştirak etməyə çalışacaq.

Paşinyan yaxın vaxtlarda hakimiyyətdən devrilməsə, o, gələcəkdə Ermənistanı Rusiya üçün yeni “fəlakət ssenarisinin” başlandığı məntəqəyə çevirəcək”./modern.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password