“Ortaqlarım mənə pul “atdılar”” – 100 min sələmə pul götürən iş adamı

 

Bakıda biznes qurmaq üçün 100 min dollar məbləğində sələmə pul götürən iş adamı dələduzluğa məruz qaldığı üçün evini itirib. Lakin o, evinin qanunsuz yollarla hərraca çıxarılıb iki qat ucuz qiymətə satıldığını bildirir.

Vətəndaş Kənan Fətullayev deyib ki, Xanbala Əliyev adlı şəxsdən 100 min dollar sələmə pul götürüb və iş qurmaq istəyib: “Ortaqlarım mənə pul “atdılar”, buna görə də Xanbala Əliyevin borcunu qaytara bilmədim. Amma aybaay sələmin faizini ödəməklə 80 min dollar verdim”.

Lakin buna baxmayaraq X.Əliyevin iddiası əsasında Nərimanov rayon məhkəməsi 170 min manatlıq borcun ödənməsi ilə bağlı qərar çıxarıb və qərar icra olunması üçün Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə göndərilib.

İcra sənədinə əsasən K.Fətullayevin mülkiyyətində ipoteka predmeti olan mənzilin açıq hərracda satılmasına qərar verilib.

K.Fətullayev iddia edir ki, X.Əliyev hərrac zamanı qanunsuz təsir göstərərək mənzili də ələ keçirib.

Ona məlumat verilmədən “Külək” MMC-nin təşkil etdiyi hərracda Xanbala Əliyev qalib elan edilib və Kənan Fətullayevə məxsus 320 min manatlıq mənzil elə borcu olduğu şəxsə iki qat ucuz qiymətə, 169 minə satılıb:

“Mənə qarşı təmin edilən iddia 170 min manatdır, mənzil əvvəl 250 min manat başlanğıc qiymətlə satışa çıxarılsa da, 169 minə Xanbala Əliyevə satılıb. Belə ki, mənim yenə min manat borcum qalıb. Hərrac və qiymətləndirmə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə həyata keçirilib. Mən mülkiyyətçi olduğum halda hərrac keçirilən zaman mənə heç bir məlumat, bildiriş verilməyib. Mənzilin qiyməti də qanunsuz olaraq iki dəfə ucuza hesablanıb. Amma qanunamüvafiq hərrac keçirilsəydi, mənzilin satılamsından qalan pulla mən özümə başqa bir mənzil ala bilərdim”.

K.Fətullayev qeyd edir ki, “Külək” MMC-nin protokolunun etibarsız sayılması üçün məhkəməyə müraciət edib:

“Məhkəmə yekun qətnamə qəbul edənə qədər Nərimanov Rayon İcra və Probasiya Şöbəsi icra sənədinin icra edilməsini dayandırmalıdır. Bu ev mənim və ailəmin tək sığınacağıdır. İcra şöbəsi dekabrın 7-də saat 11:00-da bizi evdən çıxaracaq. Hazırda evdə həyat yoldaşım və övladlarım yaşayır. Onlar isə koronavirusa yoluxublar. Onların bu şəraitdə evdən çıxarılması mümkün deyil. Lakin icra məmuruna prosesi təxirə salmır”.

Qeyd edək ki, ipoteka haqqında Azərbaycan Respublikasının Qanununun 42.1-ci maddəsinin tələbinə görə, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayan və ipoteka qoyana verilməsi təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 gün qalmış ikinci elan verilir./qafqazinfo/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password