İlham Əliyev: 2020-ci il ərzində dünya ictimaiyyəti müasir tariximizin ən ciddi səhiyyə böhranı ilə üzləşib
2020-ci il ərzində dünya ictimaiyyəti müasir tariximizin ən ciddi səhiyyə böhranı ilə üzləşib.
Bunu Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi – COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyada videoformatda çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib: “2020-ci il ərzində dünya ictimaiyyəti müasir tariximizin ən ciddi səhiyyə böhranı ilə üzləşib. Hazırda dünyada 60 milyondan artıq yoluxma halı qeydə alınıb və 1 milyondan çox insan həyatını itirib. Səhiyyə, ictimai, iqtisadi və maliyyə sahələrində çoxşaxəli fəsadlara yol açan bu böhran cəmiyyətlərə, iqtisadiyyata, qlobal ticarət və səyahətə böyük zərər yetirmiş və insanların yaşayışına sarsıdıcı təsir göstərmişdir.
Pandemiyanın misli görünməmiş universal fəsadlarının aradan qaldırılması üçün qlobal səylərə töhfə vermək və Qoşulmama Hərəkatına üzv dövlətlərə operativ, adekvat və əhatəli yardımın göstərilməsi məqsədilə Azərbaycan Qoşulmama Hərəkatının Sədri qismində 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı Təmas Qrupunun onlayn Zirvə görüşünü təşkil etmişdir. Həmin toplantının praktiki nəticəsi olaraq, Hərəkata üzv dövlətlər COVID-19 ilə mübarizə və koronavirusla bağlı Qoşulmama Hərəkatının üzv dövlətlərinin əsas humanitar, tibbi ehtiyac və tələblərinə dair məlumat bazasının yaradılması üçün işçi qrupun təsis edilməsi qərarına gəlmişlər.
Məmnuniyyətlə qeyd etmək istərdik ki, pandemiya ilə bağlı tədbirlərin görülməsi zamanı Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının müəyyənləşdirilməsi üçün Hərəkatın məlumat bazasını istinad mənbələrindən biri kimi istifadə edir”.