Xaricdən Azərbaycan mallarının alınması üçün edilən sifarişlər artıb
2020-ci ilin yanvar-oktyabr ayları ərzində Azexport.az portalına 512,2 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub və ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 10 ayında portal daxil olan ixrac sifarişləri dəyər baxımından 7,3 faiz artıb.
Bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin noyabr sayında qeyd edilib.
Mərkəz qeyd edib ki, 2020-ci ilin oktyabr ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 49,8 milyon ABŞ dolları təşkil edib və ötən ilin müvafiq ayı ilə müqayisədə ixrac sifarişləri dəyər baxımından 21,5 faiz artıb. Cari ilin oktyabr ayında Azexport.az portalına ən çox ixrac sifarişi toyuq əti və yumurtası, pambıq yağı, fındıq, tütün, çay, günəbaxan yağı, alma, şərab, qənnadı məhsulu, ketçup, nar, armud, kosmetik vasitə mühərrik yağı, bal, boya, zəfəran, tibbi zəli və s. mallara daxil olub. 2017-ci ilin yanvar ayından 2020-ci ilin 31 oktyabr tarixinə kimi (46 ay ərzində) Azexport.az portalına dünyanın 142 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,9 milyard ABŞ dolları təşkil edib.
Qeyd edək ki, azexport.az saytı Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” 2016-cı il 21 sentyabr tarixli Sərəncamı əsasında yaradılıb. Portalın missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platforma yaradılmasıdır. Portal dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunaraq Azərbaycan mallarını dünyaya sərgiləyir.