Xankəndi, Xocalı, Xocavəndlə bağlı məsələ belə müəyyən olunacaq
Noyabrın 10-da imzalanan üçtərəfli bəyannamənin əksər müddəaları artıq öz həllini tapıb. Ağdam, Kəlbəcər və Laçın rayonları işğaldan azad olundu. Bəs bundan sonra Qarabağda ermənilərin də yaşadığı digər ərazilərimizlə bağlı hansı addımlar atılacaq?
Bu barədə modern.az-a danışan Xocalı şəhərinin deputatı Elman Məmmədov qeyd edib ki, Xankəndi, Xocalı kimi şəhərlərimizin əhali tərkibi və idarəçilik forması ancaq dövlət səviyyəsində müəyyənləşdirilə bilər:
“Mən əminliklə bir şey deyə bilərəm ki, Laçının işğaldan azad olunması ilə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Azərbaycanın daxilində qalan müəyyən problemlər ki var, Xankəndi, Xocalı, Xocavəndlə bağlı – bu məsələ dövlətlərarası danışıqlar nəticəsində müəyyən olunacaq. Təbii ki, dövlətlərarası deyəndə, məğlub olmuş Ermənistan ölkəsi bura daxil deyil. Burada Azərbaycan, Rusiya və Türkiyə dövlətləri arasında olan söhbətlər daxildir.
Millətindən asılı olmayaraq, Azərbaycan vətəndaşlığını alan şəxs burada yaşayacaq. Buna razı olmayanlar Azərbaycan sərhədlərindən kənara çıxarılacaq. Artıq nə olacaq, necə olacaq onu gedişat göstərəcək”.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov da vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub:
“Cənab prezidentin dediyi kimi, Dağlıq Qarabağa status məsələsi artıq yoxdur. Rusiya Federasiyasından gələn sülhməramlıların orada yerləşdirilməsi, sadəcə müvəqqəti olaraq sülhməramlı missiyanı yerinə yetirmək üçün atılmış addımdır. Azərbaycanda yaşayan ermənilərin təhlükəsizliyini təmin etmək üçün Rusiya sülhməramlıların üzərinə düşür.
Düşünürəm ki, artıq Ermənistan sözünü ancaq sərhəddən kənarda işlədə bilərik. Bu gündən etibarən işğalçı qüvvələr Azərbaycanda yoxdur. Azərbaycan ərazisində yaşamaq istəyən hər bir şəxs Azərbaycanın öz vətəndaşı kimi qəbul olunur.
Mən hesab edirəm ki, bu vətəndaşlıq və digər məsələlər öz həllini tapacaq. Bizim mina sahələrinin təmizlənməsi, kommunikasiyaların yaradılması kimi işlərimiz var. Hələlik təhlükəsizlik və humanitar baxımdan işlər sülhməramlıların üzərinə düşür”.
Ekspert Prezident İlham Əliyevin fikirlərini xatırladıb və qeyd edib ki, Dağlıq Qarabağla bağlı hər hansı status yoxdur:
“Azərbaycan xalqının sahib olduğu bütün hüquqlar Azərbaycan ərazisində yaşayan bütün insanlara aid olacaq. Əgər əcnəbi şəxs kimi yaşamaq istərsə, onlarla da bağlı qanun çərçivəsində tədbir görüləcək. Bizim istəyimiz ərazi bütövlüyünü təmin etmək, işğalçıları ölkəmizdən çıxarmaqdır və bunu biz bacardıq. Daxildə gedən proseslərə gəlsək, əlbəttə bunlar da öz həllini tapacaq.
Bizim qardaş dövlət Türkiyə hər zaman yanımızda olduğunu hiss etdirib. Türkiyə sülhməramlıları monitorinq qrupunda olacaq və hər an Azərbaycana gəlib, sülhməramlı missiyanı yerinə yetirməyə hazırdılar.
Erməni istəyərsə yaşayacaq, yaşamaq istəməsə yolları açıqdır. Bu məsələlər minimum 5 ilə həll olunacaq.
Bizim öhdəmizə düşən vəzifə prezidentimizin ətrafına yığılıb, başqa məsələlərdə döyüşdir. Biz İlham Əliyevin iradəsinə, gücünə və vətənpərvərliyinə inanırıq”.