Məcburi köçkünlər üçün Bakıda bina tikintisi niyə davam edir? – Şərh
Ötən gün Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ümumi dəyəri 19 milyon 624 min 211 AZN təşkil edən 7 müqavilə imzalayıb. Müqaviləyə əsasən, Bakı şəhəri, Binəqədi rayonu və Xocasən qəsəbəsi ərazisində 810 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində binalar tikiləcək.
Maraqlıdır, torpaqlarımız işğaldan aqzad edildiyi halda, Bakıda məcburi köçkünlər üçün binların tikilməsinə nə ehtiyac var?
Məsələni şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, bu, əvvəlcədən planlaşdırılan bir işdir: “Məsələni aydınlaşdırmaq üçün qurumun baş idarəsinə zəng vurdum. İdarənin müavini ilə danışdım. Bildirdilər ki, layihə öncədən təsdiqlənib və binalar artıq tikilib. İndi həmin binların yarımçıq qalan işlərinin tamamlanması üçün belə bir addım atılıb. Bu, infrastruktur üçün ayrılan vəsaitdir. Orada kabellər çəkilməli, liftlər alınmalı, transformatorlar qurulmalı, yarım qalan binaların tikintisi başa çatmalıdır.
Həmçinin yollar yoxdur, daxili yollar çəkilməli, idman meydançaları qurulmalıdır. Bunların hamısı həmin vəsaitə daxildir. Zatən məbləğ, doğrudan da, elə çox deyil”.
İqtisadçı vurğulayıb ki, ilkin məlumata görə, o mənzillər qaçqın və məcburi köçkünlərə deyil, Qarabağ müharibəsində iştirak edənlərə, qazilərə, şəhid ailələrinə verilə bilər:
“Bu mənzillərin hamısı dövlətin balansındadır. Yəni heç biri özəlləşmir, hansısa alqı-satqı etmək mümkün deyil. Orada bu günədək ev alıb yaşayanlar mülkiyyət hüquqları olmadığı üçün nə o evi sata, nə də dəyişə biliblər. İnşallah, işğaldan azad olunan ərazilərimizdə bərpa işləri aparıldıqdan sonra həmin binalarda yaşayan insanlar öz dədə-baba yurdlarına qayıdacaqları halda mənzil fondu dövlətin əlində olacaq. Biz dəfələrlə demişik, çox güman ki, parlamentdə də bizim deputat tərəfindən bu məsələ qaldırılacaq ki, o evlər gələcəkdə ancaq şəhid və qazi ailələrinə verilsin. Düşünürəm ki, elə də olacaq”.
Həmsöhbətimiz hesab edir ki, bundan sonra təbii olaraq Bakı, Abşeron, ümumiyyətlə, Azərbaycanın digər yerlərində qaçqın və məcburi köçkünlər üçün evlərin tikilməsi dayandırılmalıdır:
“Çünki bu, absurd olar. Mənə elə gəlir ki, hökumət qurumları bunu artıq anlayırlar. Dediyim kimi, indiki görülən işlər və ayrılan vəsait 2020-ci ilin əvvəlində təsdiq olunmuş plana uyğundur. Heç kim ilin əvvəlində xəyal edə bilməzdi ki, ordumuzun şücaəti sayəsində torpaqlarımız işğaldan azad olunacaq. Ona görə də gələn ilin büdcəsində artıq bu tipli məsələlərə yer olmamalıdır. Ümid edək ki, olmayacaq. Çünki bu, ciddi ictimai qınağa və müzakirələrə səbəb olar. Gələn il bu məqsədlə ayrılan vəsaitlər inşallah, işğaldan azad edilən torpaqlarımızda təmir-tikinti işləri üçün ayrılacaq”./yenisabah.az/