Kəlbəcərdəki yataqların mövcud vəziyyətinin monitorinqi aparılacaq – Xidmət rəisi

İlk mərhələdə Kəlbəcər rayonu ərazisində kəşf edilmiş yataqların mövcud vəziyyətinin monitorinqi və təftişinin aparılması nəzərdə tutulur. Bu fəaliyyət başa çatdırıldıqdan sonra erməni işğalçıların ölkəmizə vurduğu ziyanın həcmi hesablanacaq.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

Kəlbəcər rayonunun böyük potensiala malik mineral-xammal ehtiyatlarına malik olduğunu deyən Ə.Əliyev əlavə edib ki, 1993-cü il erməni ordusu tərəfindən işğal olunanadək rayon ərazisində kəşf edilmiş, dövlət və sahə balanslarında qeydiyyata alınmış 34 filiz, qeyri-filiz, termal mineral su və tikinti materialları yataqları qeydə alınıb. Bundan başqa, rayon ərazisində çoxsaylı filiz təzahürləri qeyd edilib ki, aparılacaq qiymətləndirmə işləri nəticəsində onların da yataq statusu alınması gözlənilirdi.

Xidmət rəisi bildirib ki, Kəlbəcər əsasən qızıl, gümüş, selen, tellur, qurğuşun, molibden, kükürd, mis və xrom yataqları ilə zəngindir. Söyüdlü, Ağduzdağ, Qızılbulaq qızıl yataqlarında ümumi ehtiyatları 143 ton hesablanmış və dövlət balansına daxil edilmiş ehtiyatlar mövcuddur. Levçay, Qamışlı, Ağyataq və Şorbulaqda sənaye əhəmiyyətli 968 ton civə ehtiyatları müəyyənləşdirilib:

“Kəlbəcər rayonu ərazisində yerləşən “Tutqun” və “İstisu” mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Bu yataqların sutkalıq debiti isə 3085 m3/gün hesablanıb. İstisu termal su yatağında ötən əsrin 80-ci illərində iri kurort-sanatoriya və mineral sudoldurma zavodu fəaliyyət göstərib. Zavod sutkada 800 min litr su istehsal edirdi. İstisu sanatoriyalarında isə hər il 50 min nəfər insan müalicə olunur və istirahət edirdi”.

Ə.Əliyev deyib ki, rayon ərazisindəki yataqlardan 8-i filiz, 7-i termal mineral su, 19-u isə qeyri-filiz və tikinti materialları yataqları olub:

“Təəssüflə qeyd edilməlidir ki, erməni işğalı dövründə bu yataqların bir qismi kortəbii şəkildə qarət edilmiş və ölkəmizə ciddi ziyan vurulub. Xüsusilə, qızıl ehtiyatı 112.5 ton hesablanmış “Söyüdlü” yatağından filizin Ermənistan ərazisindəki Zod qızıl emalı zavoduna daşınması kütləvi xarakter daşıyıb. Bu səbəbdən Kəlbəcər rayonu ərazisinin ekosisteminə də ciddi ziyan vurulub. Kosmofotoşəkillərə əsasən, müəyyən edilmişdir ki, erməni vandalları Mehmana polimetal, Dəmirli və Qızılbulaq yataqlarında da müəyyən dağ-mədən işləri aparıblar. Bu fəaliyyətlərində onlara müxtəlif zamanlarda 30-a yaxın xarici işbaz yaxından kömək edib”.

Ə.Əliyev qeyd edib ki, artıq işğaldan azad edilmiş Kəlbəcər rayonu böyük sənaye potensialına malik olmaqla, gələcəkdə yeni dağ-mədən sənayesinin inkişaf etdirilməsi üçün geniş perspektivlər yaradır./trend.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password