Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə daxil olub
Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi xəbər verir.
Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.
Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.
Qeyd edək ki,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladıqları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi.
Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istəyib. Buna görə də Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə, Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq, müddəti bu günə kimi uzadılmışdı.
Ermənilər artıq bir neçə həftədir Kəlbəcəri tərk etməyə başlayıb. Xarici kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, artıq sonuncu erməni hərbçiləri dünən Kəlbəcəri tərk ediblər.
Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, eləcə də xarici medianın məlumatına görə, ermənilər Kəlbəcərdəki maddi-mədəni sərvətlərimizi oğurlayıb, bir qismini dağıdıb, bir qismini qarət edib, apara bilmədikləri hər şeyi isə yandıraraq məhv ediblər.