Moskvada yaşayan azərbaycanlı alimin həmkarlarına açıq məktubu
Pyotr Çaykovski adına Moskva Konservatoriyasının professoru, Moskva Bəstəkarlar İttifaqının üzvü Fərəc Qarayev Dağlıq Qarabağdakı xristian dini abidələrinin mühafizəsinə dair UNESCO-ya müraciət imzalamış dirijorlar Vladimir Spivakov və Teodor Kurentzisə açıq məktub ünvanlayıb.
Məktubun mətnini təqdim edirik:
“Hörmətli həmkarlar! UNESCO-ya müraciətinizi oxudum. Sözsüz ki, Azərbaycan ərazisində olan Xiristian dininə aid mədəni, bədii, memarlıq abidələrinin Dünya İrsi Siyahısına salmaqla bağlı təklifinizi dəstəkləyirəm. Əlbəttə ki, bu zəruridir!
Daha sonra isə bu abidələrin də Suriyadakı Palmira (Tədmur) şəhərilə eyni aqibətə düçar olacağından narahatlıq ifadə edirsiniz. Bu nadir qədim şəhərin Rusiyada da qadağan olunmuş İŞİD tör-töküntüləri tərəfindən necə yerlə yeksan edildiyini hamımız yaxşı xatırlayırıq. İndi də Dağlıq Qarabağdakı mədəniyyət abidələrinə qayğı göstərərək bu mənada Tədmuru da xatırlayaraq istər-istəməz Azərbaycanı dünyanın ən dəhşətli terrorçu təşkilatı ilə bir sıraya qoymuş olursunuz.
Bunun nə qədər idbar, məkrli müqayisə olduğunu necə dərk etmirsiniz?
Siz hörmətli həmkarlarıma xatırlatmaq istərdim ki, bu gün Azərbaycan çoxmillətli, çoxdinli, multikultural qaydalarla yaşayan dövlətdir. Dünyəvi ölkə olan Azərbaycanın hökuməti müsəlman, yəhudi mədəni irsi qədər xristian irsinin də mühafizəsini öncül vəzifələrindən biri hesab edir. Qarabağın dini abidələrinin məbəd kimi fəaliyyəti davam edəcək: “Azərbaycan tərəfinin fəaliyyəti məhz bu yöndə olacaq”, – deyə prezident İlham Əliyev Rusiyanın dövlət başçısını Vladimir Putini məlumatlandırıb.
Azərbaycan Prezidentinin isə sözləri ilə əməli heç zaman ayrı düşməz!
Sizə bir sual vermək istərdim. Azərbaycanın Dağlıq Qarabağ ərazisinə aid olmayan 7 rayonunun 30 ilə yaxındır qonşu dövlətin işğalı altında qaldığından xəbəriniz varmı? Həmin rayonlarda orta əsr xristian monastırları ilə yanaşı, çoxlu sayda məscidlər, habelə Xocavənddə ortodoks kilsəsinin mövcud olduğunu heç bilirsinizmi?
Ötən illər ərzində həmin ortodoks kilsəsinin başına gəldiklərini əks etdirən bir neçə fotonu diqqətinizə çatdırıram.
Dağılmış məbədin divarını bəzəyən “Qarik” adına diqqətinizi cəlb etmək istərdim. Azərbaycanlılarda qəbul olunmayan bu ad qonşu ölkə sakinləri arasında geniş yayılıb.
Bu da məscidlərdən görüntülərdir. Zəngilandakı məscidi donuz fermasına, Ağdam məscidini isə tövləyə çevirmişdilər.
Vaxtilə abad, yaraşıqlı Ağdam şəhəri isə ötən illər ərzində kabus şəhərə çevrildi, yerlə yeksan oldu.
Qarabağın incisi, Qafqazın konservatoriyası kimi ad çıxarmış və noyabrın 8-də Azərbaycan Ordusu tərəfindən azad olunan Şuşa şəhərində nələr gördük?
Buyurun, Azərbaycanın böyük xanəndəsi Bülbülün dağıdılmış ev-muzeyinin həyətində heykəlinin indiki vəziyyəti.
Təkcə Şuşa şəhərində Pənahəli xanın sarayı, saray kitabxanası, Xan sarayı və karvansarası, Saadlı məscidi, Yuxarı və Aşağı Gövhər ağa məscidləri, Vaqifin məqbərəsi, böyük şairəmiz Natəvanla Qafqaz səyahəti zamanı Aleksandr Dümanın şahmat oynadığı evi – bütövlükdə 200-dək mədəniyyət abidəsi dağıdılıb.
Bu yaxınlarda işğaldan azad edilmiş ərazilərə UNESCO-nun xüsusi komissiyası gəlməlidir. Komissiya üzvlərinin baxış keçirəcəyi dağıdılmış abidələrin siyahısına nəzər salın:
4 600 000 kitabın saxlanıldığı 927 kitabxana
700 tarix və mədəniyyət abidəsi
808 mədəniyyət sarayı və klub
85 musiqi və təsviri sənət məktəbi
100 min eksponat saxlanılan 22 muzey və muzey filialı
4 bədii qalereya, 4 teatr, 2 konsert salonu
VII-XII əsrlərdə inşa edilmiş Xudafərin körpüləri
Ağdam rayonu Xaçın Türbətli kəndində XIV əsrə aid türbə
İlkin insanların məskəni olmuş, işğalçıların geri çəkilərək minaladıqları Azıx mağarası.
Beləliklə, İŞİD terrorçuları ilə müqayisəyə gələ bilən kimlərsə varsa da, bunların azərbaycanlılar olmadığını, yəqin ki, başa düşdünüz.
Azərbaycan xalqını təhqir etdiyinizə görə üzrxahlıq etməyinizi istəyən yoxdur. Belə hallarda sözlər artıqdır, hörmətli Vladimir Teodor oğlu və möhtərəm Teodor İohann oğlu!
Amma, hörmətli həmkarlarım, bəlkə, Azərbaycanın yerlə yeksan olunmuş şəhərlərinin birinə gəlib simfonik konsert keçirmək kimi gözəl fikir gəldi sizə? Bununla baş verənlərə dürüst, qərəzsiz münasibətinizi ortaya qoyardınız. Musiqi Sizin bu haqsız ittihamlarını unutdurar, nüfuzunuz tam şəkildə bərpa olunardı. Elə maestro Valeriy Gergiyev də vəhşiliyə, qeyri-insanlığa münasibətini bildirmək üçün orkestri ilə birgə dağıdılmış Tədmur şəhərinə gələrək konsert keçirmişdi. Əminəm ki, Azərbaycana, Azərbaycan xalqına qarşı bu cür addımınız da Sizin vətəndaşlıq, insanlıq mövqeyinizi gözlər önünə çıxardardı”.