Türkiyə Ordusunun Qarabağa gəlməsi nəyi dəyişəcək? – “Hər hansı təxribat baş verərsə…“
Ötən gün Türkiyə Silahlı Qüvvələrinə məxsus A-400M hərbi təyyarəsi Lənkəran hava limanına enib. Bu isə Türk Ordusunun Azərbaycanda olmasından xəbər verir. Həmçinin Türkiyənin Milli müdafiə naziri Hulusi Akar bu gün mətbuata açıqlamasında qeyd edib ki, quru qoşunların Azərbaycana göndərilməsi üçün bütün işlər tamamlanıb. Nazir ən tez zamanda Dağlıq Qarabağa əsgər göndəriləcəyini vurğulayıb.
Sözügedən məsələ ətrafında danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov diqqətə çatdırıb ki, Türkiyə və Azərbaycan “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq bir-birinə tamamilə inteqrasiya olunub:
“Türk Ordusu ilə biz sıx əməkdaşlıq içərisindəyik. Onlar demək olar ki, 1992-ci ildən daima bizimlə bir yerdə olublar. Birinci Qarabağ müharibəsində, silahlı qüvvələrimizin ilk formalaşmağa başlayanda, tədris müəssisələri yaradılanda, həmçinin NATO-ya inteqrasiya zamanı biz Türkiyəni dəstəkçi kimi yanımızda görmüşük. Türk Silahlı Qüvvələri ilə tez-tez müştərək təlimlərimiz baş tutur. Onlar bizim ordunun daxilində, bizim nümayəndələr isə Türkiyədəki hərbi təlimlərdə iştirak ediblər. 2010-cu ildə Türkiyə ilə Azərbaycan arasında “Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” saziş imzalanıb. Bu müqavilədə əsas yeri hərbi məsələlər tutur, sazişə əsasən, Türkiyə strateji tərəfdaş kimi təhlükəsizlik məsələlərində daima Azərbaycanın yanındadır. Həmçinin qanunda türk əsgərlərinin Azərbaycana gəlməsi də öz əksini tapır”.
Həmsöhbətimiz hesab edir ki, Vətən müharibəsi zamanı Türkiyə kimi güclü dövlətin Azərbaycanın arxasında olması bizi böyük risklərdən qorudu:
“Hazırda qələbə çalan Azərbaycan Ordusu artıq yeni bir mərhələyə qədəm qoyub. Bu atəşkəs mərhələsində Rusiya sülhməramlı qüvvələri Azərbaycan ərazisində yerləşdirildi. Bu səbəblə də Türkiyənin həmişəki kimi Azərbaycanın yanında olması təbii haldır. Hazırkı həssas məqam nəzərə alınaraq Rusiya sülhməramlılarının burada olması və Türkiyənin monitorinq qrupunda yer alması ola biləcək hansısa təxribatın beynəlxalq səviyyədə də qarşısının alınmasında mühüm rol oynayır. Bu, lazımi bir addımdır”.
Hərbi ekspert bildirib ki, hansı ordu ilə təmasda olmaq, kimlə hansı səviyyədə əlaqə qurmaq Azərbaycanın suveren hüququdur:
“Məlumdur ki, Türkiyə Ordusunun F-16 təyyarələri də hələ müharibə dövründən buradadır. Bu, bizə mənəvi dəstəyin göstəricisidir və Azərbaycan-Türkiyə birliyini nümayiş etdirir. Bir neçə gün əvvəl Türkiyə Böyük Millət Məclisi Azərbaycanda türk əsgərlərinin xidməti ilə bağlı qərar qəbul etdi və bu qərar artıq təsdiqlənib. Məhz bu qərarın ortaya çıxması da Türkiyə-Azərbaycan dostluğu hansı səviyyədə olduğunu açıq şəkildə göstərir”.