Paşinyana vaxt verildi: “Ya özü istefa verməlidir, ya da…”
“Ermənistanda qəribə vəziyyət yaranıb. Müharibədə məğlub olublar və məğlubiyyətə görə məsuliyyəti Baş nazir Nikol Paşinyan daşıyır. O özü də bunu etiraf edib. Buna baxmayaraq, Paşinyanı istefaya göndərmək mümkün deyil”.
Bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspertin sözlərinə görə, Ermənistan baş nazirinin istefası üçün üç yolu var:
“Birinci yol, Paşinyanın özünün istefa verməsidir, ancaq o bu addımı atmayacağını bəyan edib. İkinci yol, parlamentin Paşinyanı istefaya göndərməsidir. Ancaq bu da alınmır, çünki qanunverici orqana nəzarət edən hakim partiya liderlərinin istefasının əleyhinədir. Üçüncü yol, Paşinyanı mitinqlər və küçə yürüşləri vasitəsilə istefaya məcbur etməkdir, ancaq bu da alınmır, çünki mitinq və küçə yürüşlərinə çıxanların sayı getdikcə azalır. Bəzi hesablamalara görə, kapitulyasiyadan sonra Paşinyanın reytinq azalsa da, əhalinin ən azı 30 faizi hələ də onu dəstəkləyir. 30 faiz Ermənistan üçün kiçik rəqəm deyil.
Paşinyan ona 6 ay vaxt verilməsini xahiş edib. Yəni guya o 6 ayda ölkəni sabitləşdirəcək. Aydındır ki, Paşinyan vaxt udmağa çalışır. Ermənistan kimi kasıb dövləti 6 ayda normallaşdırmaq – iqtisadiyyatı düzəltmək, xeyli canlı itki verən, hərbi texnikasının böyük hissəsində məhrum olan ordunu əvvəlki vəziyyətinə qaytarmaq fiziki və maliyyə baxımdan mümkün deyil.
Paşinyan sadəcə 6 ay ərzində Qarabağ itkisini Ermənistan cəmiyyətinə unutdurmağa çalışacaq”.
Elxan Şahinoğlu hesab edir ki, əslində Ermənistan cəmiyyətini bir hissəsi açıq dilə gətirib etiraf etməsə də, Qarabağ yükündən qurtulmadan daxilən razıdır:
“Ermənistan Dağlıq Qarabağa büdcədən pul ayırırdı, övladlarını təhlükəli bölgəyə göndərirdilər, üstəlik erməni qarabağlıların yekəxanalığı Ermənistandakıların narazılığına səbəb olurdu. Ona görə də bu cür düşünən ermənilər Paşinyandan imtina etmək istəmirlər. Düzünə qalsa, ağır kapitulyasiyadan sonra müxalifət də hakimiyyətə gəlmək istəmir. Mitinq və küçə yürüşləri isə gözə kül üfürməkdir. Onların qışqırıb-bağırsalar da, özləri də Paşinyanın hakimiyyətdə qalmasını istəyirlər. Çünki hakimiyyətə gəlib kapitulyasiya şərtlərini yerinə yetirməli olacaqlar.
Bu arada, Ermənistanda “Qarabağ klanı”nın da nüfuzu qalmayıb. Onların nüfuzu birinci Qarabağ müharibəsinin qələbəsə üzərində formalaşmışdı. İndi nə keçmiş qələbə var, nə də həmin nüfuz. Ona görə də erməni cəmiyyəti hələ bir müddət Paşinyanla yola davam etmək istəyir. Bu bizim üçün pis ssenari deyil”./teleqraf.com/