Həmin dövlətlə diplomatik münasibətlərimiz sona çata bilər
“Paris meriyasının qondarma Dağlıq Qarabağ qurumunun statusu ilə bağlı qərar qəbul etmək istəməsinin hər hansı hüquqi əsası yoxdur”.
Bunu millət vəkili Arzu Nağıyev deyib.
O bildirib ki, meriyanın siyasi məsələlərlə bağlı bu cür bəyanatlar verməsi, BMT çərçivəsində suverenliyi və ərazi bütövlüyü qəbul olunmuş bir dövlət haqqında hansısa sənədin ortaya çıxarılması və ya kiminsə ərazisini tanıması absurd məsələdir: “Onun heç bir hüquqi əsası yoxdur. Bu, siyasi gedişdir. Düşünürəm ki, meriyada çalışan erməni əsilli bir neçə köməkçinin ortaya qoyduğu sənəddir. Hər bir şəxs də öz imzasına hörmətlə yanaşmalıdır. Təsəvvür edin ki, hansısa dövlətdə şəhər meriyası Fransanın istənilən şəhərini statusla təmin etməyə çalışır. Bu, gülüncdür və heç bir çərçivəyə sığmayan məsələdir”.
A.Nağıyevin sözlərinə görə, Fransa Senatının Dağlıq Qarabağdakı qondarma qurumu tanımağı Fransa dövlətinə tövsiyə edən qətnaməni müzakirəyə çıxarmağa hazırlaşmasına artıq müxtəlif parlament üzvləri etiraz edirlər: “Onlar bununla bağlı öz fikirlərini bildirirlər. Deyirlər ki, belə hallar gələcəkdə Azərbaycan və Fransa arasında gərginliyə səbəb ola bilər”.
Bəs məqsəd nədir? Niyə Fransa gərginlik yaratmaq istəyir?
Deputat qeyd edib ki, əsas məqsəd orada çoxsaylı erməni diasporunun olmasıdır və onlar mühüm vəzifələrdə yer alıblar: “Həmin ermənilərin əllərində müəyyən imkanlar var. Çünki müharibə vaxtı da məlum idi ki, Emmanuel Makronun məqsədi ancaq siyasi addımlar atmaq idi. Düşünmürəm ki, Fransa parlamenti belə bir qərar qəbul edər. Çünki qondarma qurumun statusu var idisə, bu müharibə başlayana qədər tanınardı. Artıq heç bir status yoxdur. Azərbaycan BMT-nin 4 qətnaməsinə uyğun olaraq ərazi bütövlüyünü tam şəkildə bərpa edib. İndi hansı qurumdan söhbət gedə bilər?! Heç Fransa parlamentinin özü də bilmir, onların nə tarixdən, nə də gedişatdan xəbərləri var. Gələcəkdə səs qazanmaq üçün, eyni zamanda dırnaqarası demokratiya təşəbbüsü ilə çıxış etməyə çalışırlar”.
A.Nağıyevin sözlərinə görə, təəssüf doğuran odur ki, ATƏT-in Minsk Qrupu həmsədrliyi çərçivəsində Fransa ciddi dövlət olaraq belə bir addım atır: “Çünki bu, ancaq sülhün pozulmasına səbəb ola bilər. Bundan başqa, Fransa və ABŞ Rusiyanın təşəbbüsü ilə Moskvada görüş keçirməli idi. Bu görüşdə onlar yenə də Minsk Qrupu həmsədrliyi çərçivəsində Türkiyənin iştirakına da aydınlıq gətirməyə çalışırlar. Bunların hamısı siyasi gedişlərdir. Əsas məsələ odur ki, biz torpaqlarımızı işğaldan azad etmişik. Onların qəbul edəcəyi hansısa qanun sadəcə olaraq regionda ciddi siyasi qarşıdurmaya gətirib çıxara bilər. Qərar da düşünürəm ki, qəbul edilməyəcək. Edilsə belə məlumdur ki, birmənalı şəkildə olaraq həmin dövlətlə bizim diplomatik münasibətlərimiz sona çata bilər”./publika.az/